Belarus parlamentinin yuxarı və aşağı palatasının sədrləri Natalya Koçanova və İqor Sergeyenko Minskdəki Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyublar.
“Report” BELTA-ya istinadən xəbər verir ki, parlamentarilər Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə bağlı başsağlığı veriblər.
Onlar, həmçinin təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı arzulayıblar.
Öz növbəsində Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarus xalqına dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.