Azərbaycan Almaniyanın Qərbi Avropada əsas iqtisadi-siyasi tərəfdaşlarından biridir. İki ölkə arasındakı iqtisadi münasibətlər iki əsrlik tarixə söykənir. Belə ki, hələ XIX əsrin ikinci yarısında Almaniyanın “Simens qardaşları” şirkəti Gədəbəy rayonunda iri misəritmə, Daşkəsəndə isə kobalt zavodları tikib. Ölkələrimiz arasında siyasi münasibətlərin qurulması isə XX əsrin sonlarına təsadüf edir. 1992-ci il yanvarın 12-də Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb və bu da diplomatik münasibətlərin qurulmasına zəmin yaradıb.
Ötən 32 il ərzində də bu əlaqələr yüksələn xətlə inkişaf edib. Təkcə 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edib. 2022-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon dollar olub. Azərbaycan bu gün Almaniyaya neft ixrac edən əsas ölkələr sırasında yer alır. Bank, hava yolu, neft kimi sahələrdə bir sıra Azərbaycan şirkətlərinin Almaniyada nümayəndəlikləri fəaliyyət göstərir. Bununla yanaşı, enerji, qaz, səhiyyə sahəsində də genişlənən əməkdaşlıq mövcuddur.
Bütün bu əlaqələrin möhkəmliyinə dayanaraq bu gün yüzlərlə azərbaycanlı Almaniyada təhsil alır və ya çalışır.
İki ölkə arasında münasibətlərin inkişafı fonunda “Report” Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayevlə həmsöhbət olub:
- Tərcümeyi-halınıza baxdıqda, əslində, Almaniyanın sizə heç də yad olmadığını gördüm. Belə ki, 2003-2005-ci illərdə Almaniyada magistr təhsili, 2005-2008-ci illərdə isə Azərbaycanın Almaniyadakı səfirliyində katib vəzifəsində çalışmısınız. Yəni ölkəyə, mühitə bələdsiniz. Bu məlumatlılıq sizin hazırkı fəaliyyətinizdə işinizi asanlaşdırıbmı?
- Bəli, qeyd etdiyiniz kimi, Almaniyada təhsil almağım, eləcə də diplomat kimi fəaliyyətimin bir hissəsini Almaniya və Avstriya kimi almandilli ölkələrdə davam etdirməyim səfir qismində də fəaliyyətim üçün çox faydalı olub. İstər təhsil, istərsə də iş fəaliyyəti zamanı alman cəmiyyətini, düşüncə tərzini, eləcə də adət-ənənələrini dərindən tanımaq imkanı olur. Bu isə diplomat olaraq peşəkar fəaliyyətdə alman rəsmiləri və ictimaiyyət nümayəndələri ilə sıx ünsiyyət və işgüzar əlaqələr qurmağa, eləcə də fikir ayrılığının mövcud olduğu məsələlərdə anlaşmanın əldə olunmasına, problemli məsələlərin həllinə əsaslı kömək edir.
- Almaniya Azərbaycanın Avropada əsas iqtisadi tərəfdaşlarından biridir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi dinamikası necə dəyişib?
- Bəli, Almaniya Azərbaycanın Avropada əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan da Almaniyanın Cənubi Qafqazdakı ən mühüm iqtisadi tərəfdaşıdır. Hər iki ölkə rəsmiləri dəfələrlə bunu öz bəyanatlarında dilə gətiriblər. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 1,3 milyard ABŞ dolları olub. Almaniyadan ölkəmizə idxalın həcmi təxminən 700 milyon, ixracın həcmi isə 550 milyon ABŞ dolları təşkil edib. Bu, ötən illərdəki göstəricilərlə müqayisədə ciddi artımdan xəbər verir. Hazırda 160-dan artıq Azərbaycan şirkəti Almaniyada fəaliyyət göstərir. Ölkəmizdə isə 163 alman şirkəti mövcuddur. Fikrimcə, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensialı mövcuddur və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər iki tərəfdən səylər artırılmalı və fürsətlər dəyərləndirilməlidir. Almaniya ilə iqtisadi əlaqələrin gücləndirilməsi, bu ölkədən olan sərmayələrin həcminin artırılması, müasir texnologiyaların ölkəmizə cəlb edilməsi, eləcə də Azərbaycanda istehsal olunan məhsulların və xidmətlərin Almaniya bazarına çıxarılması səfirliyimizin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir.
- Yaxın zamanda iqtisadi sahədə yeni layihələrin icrası gözlənilirmi?
- Sevindirici haldır ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət imkanları, həmin bölgələrimizdə icra edilən infrastruktur və investisiya layihələri Almaniya şirkətlərində də maraq doğurub. Azərbaycanın aidiyyəti qurumlarına bununla bağlı bir neçə alman şirkətindən müraciət daxil olub. Səfirlik olaraq alman şirkətlərində bu marağın daha da genişləndirilməsi, onların sözügedən layihələrə cəlb edilməsi istiqamətində iş aparırıq. Həmçinin Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində həyata keçirdiyi fəaliyyət və Orta Dəhlizin inkişafında ölkəmizin oynadığı həlledici rol alman şirkətlərinin böyük marağına səbəb olub və bu istiqamətdə konkret birgə layihələr üzərində çalışırıq.
- Yaxın vaxtlarda dövlət rəsmilərinin qarşılıqlı səfərləri gözlənilirmi?
- Qeyd etməliyəm ki, iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi dinamik xarakter daşıyır. Təkcə 2023-cü ildə Prezident İlham Əliyev Almaniyaya iki işçi səfər həyata keçirib. Bu səfərlərdən biri Münhen Təhlükəsizlik Konfransında iştirak ilə bağlı olub. Digəri isə kansleri Olaf Şoltsun dəvəti əsasında Berlinə həyata keçirilib. Hər iki səfər ikitərəfli münasibətlərin inkişafına öz mühüm töhfəsini verib, iki ölkə arasında yaxınlaşmaya müsbət təsirini göstərib. Bundan əlavə, Almaniya xarici işlər naziri Annalena Berbok 2023-cü ilin noyabr ayında Bakıya səfər edib. Bu, 7 ildən sonra XİN rəhbərinin Azərbaycana ilk səfəri olub. Noyabr ayının sonunda Milli Məclisin sədri Sahibə Qafarovanın Berlinə səfəri və Almaniya Bundestaqının sədri Berbel Basla keçirdiyi məhsuldar görüş parlamentlərarası əlaqələrimizin güclənməsində mühüm rol oynayıb. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ötən il Berlinə səfərləri, eləcə də iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin qarşılıqlı səfərləri, keçirilən siyasi məsləhətləşmələr də ikitərəfli əlaqələrin dərinləşməsi üçün əlverişli zəmin yaradıb. Bütün bu səfərlər iki ölkənin bir-birinə göstərdiyi yüksək maraqdan və verdiyi mühüm önəmdən xəbər verir. Səfirliyimiz yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılması üzərində fəaliyyətini davam etdirir və cari ilin də bu baxımdan məhsuldar olacağına ümid edirik.
- Səfirliyin Almaniyada yaşayan azərbaycanlılarla əlaqəsi də maraqlıdır. Son illər azərbaycanlıların təhsil və ya iş üçün Almaniyaya üz tutma halları ilə sıxlıqla qarşılaşırıq. Hazırda Almaniyadakı Azərbaycan icmasının nə qədər üzvü var və səfirliyimizlə onların əlaqəsi necədir? Onlar üçün nə kimi tədbirlər həyata keçirilir?
- Həqiqətən də, son zamanlar Almaniyaya təhsil və iş məqsədilə köç edən azərbaycanlıların sayında artım müşahidə olunur. Bu, ilk növbədə xarici ölkə vətəndaşları üçün təhsilin Almaniyada demək olar ki, ödənişsiz olması, eləcə də son zamanlar bəzi ixtisaslardan olan mütəxəssislər, məsələn IT mütəxəssisləri və həkimlər üçün iş imkanlarının təklif edilməsi ilə əlaqədardır. Ancaq Almaniyadakı Azərbaycan icmasının dəqiq sayı barədə məlumat vermək bir qədər çətindir. Belə ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı səfirliyimizdə konsulluq qeydiyyatına düşmürlər. Bundan əlavə, bu say sabit xarakter daşımır. Həm Almaniya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı, həm də bu və ya digər səbəblərdən bu ölkəni tərk edərək Vətənə qayıdan azərbaycanlıların sayı mütəmadi olaraq dəyişir. Səfir olaraq fəaliyyətə başlayan kimi soydaşlarımıza müraciət edərək səfirliyimizin hər bir azərbaycanlının evi olduğunu və onların üzünə açıq olduğunu bildirmişəm. Konsulluq şöbəmizin fəaliyyətində qısa müddətdə ciddi təkmilləşdirmə işləri aparılıb. Məqsədimiz bizə müraciət edən bütün vətəndaşlarımıza daim operativ və şəffaf şəkildə xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etməkdir.
- Səfirliyin Azərbaycan diasporu ilə koordinasiya necə qurulub, onların fəaliyyətinə bu və ya digər şəkildə təsir imkanı varmı?
- Səfirliyimiz Almaniyadakı diasporumuz ilə mütəmadi əlaqədədir. Elə bir tədbirimiz yoxdur ki, orada diaspor nümayəndələrimiz təmsil olunmasın. Qeydiyyat siyahımızda olan bütün soydaşlarımıza keçirdiyimiz tədbirlərlə bağlı dəvət ünvanlayır, onlar tərəfindən təşkil olunan tədbirlərə mövcud imkanlar daxilində dəstək göstəririk. Diasporla işə məsul olan səfirlik əməkdaşları daim onlarla sıx əlaqədədir, onların problemləri, qayğıları, planları və gələcək fəaliyyətləri ilə bağlı maraqlanır, lazımi dəstəyi göstərir.
-Xüsusilə tibb işçilərinin Almaniyaya köçdüyü barədə xəbərlərə rast gəlirik. Hətta bir müddət əvvəl Berlində Azərbaycanlı Həkimlərin II Forumu keçirildi. Bu ölkədə nə qədər həkimimiz çalışır? Bu, bir tərəfdən sevindirici hal olsa da, ölkənin səhiyyə sistemi baxımından müsbət tendensiya deyil. Həmin həkimlərlə görüş əsnasında Vətənə qayıtmaqla bağlı istək işartıları müşahidə edirsinizmi?
- Hazırda Azərbaycandan olan 1000-dən artıq həkim və tibb işçisi Almaniyanın müxtəlif xəstəxanalarında, tibb müəssisələrində çalışır və ya ixtisasını artırır. Onu da qeyd etməliyəm ki, azərbaycanlı mütəxəssislərin hazırlıq səviyyəsi, tibbi bilgiləri və iş bacarığı alman tərəfində məmnunluq doğurur. Onlara yüksək etimad göstərilir. Almaniyada çalışan həkimlər arasında artıq onlarla baş həkim və şöbə rəhbəri olan mütəxəssislərimiz var. Bu, təbii ki, sevindirici haldır. Almaniyadakı azərbaycanlıların alman cəmiyyətinə bu simada təqdim olunmaları ölkəmizin imici baxımından da mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən isə bu mütəxəssislər ölkəmizdə də tibbin inkişafına öz töhfələrini verə bilərlər. Bu məsələ 2023-cü ilin noyabr ayında Berlində keçirilmiş Azərbaycanlı Həkimlərin II Forumu zamanı da müzakirə olundu və daima diqqət mərkəzindədir. Almaniyada çalışan həkimlərdən bəzilərinin artıq ölkəmizə geri dönməsi faktları da mövcuddur.
- Ötən il ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Almaniyada nə kimi tədbirlər həyata keçirilib?
- Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu bir ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsi bu əlamətdar tarixi daha yaddaqalan etdi. Çünki Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması Heydər Əliyevin ən ümdə arzusu idi. Azərbaycanın Almaniyadakı səfirliyi olaraq biz də 2023-cü ildə Ulu Öndərin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirmişik. Onlar arasında 2 may 2023-cü ildə səfirliyin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Berlin Filarmonik Kamera Orkestrinin iştirakı ilə keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş konserti, 19 noyabr 2023-cü il tarixində Berlində yerləşən “QGallery” rəsm qalereyasında səfirliyin, Diasporla İş üzrə Dövlət Komitəsinin və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə keçirilmiş “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı foto-sərgini göstərmək olar. Bundan əlavə, 12 dekabr 2023-cü il tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş klassik musiqi gecəsini, səfirliyin təşkilatçılığı və “Azərpoçt” MMC-nin sifarişi əsasında Almaniyanın Federal Nəşriyyatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi münasibətilə poçt markalarının dərc olunmasını, səfirliyin dəstəyi ilə Berlində yaşayan gənc azərbaycanlı rəssam Günay Şəmsinin Heydər Əliyevin portretini yaratmasını xüsusilə vurğulamaq istərdim. Ulu Öndərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Səfirliyimiz növbəti illərdə də belə tədbirlərin davam etdirilməsini hədəfləyir.