Afrika irsinin qorunması üçün təcili tədbirlər görülməlidir.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev qurumun mənzil-qərargahında keçirilən "Afrikada dünya irsinin dəstəklənməsi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, genişliyinə və rəngarəngliyinə baxmayaraq, Afrikanın mədəni irsi Dünya İrs Siyahısında qeyri-proporsional şəkildə təmsil olunur:
"Belə ki, sözügedən siyahıya daxil olan mədəni mülkiyyətin cəmi 12.2% Afrikanın payına düşür. Üstəlik, UNESCO-nun təhlükə altında olan abidələr siyahısına daxil olan abidələrin 32%-i məhz Afrikada yerləşir. Bu statistik göstəricilər Afrika irsinin qorunması və daha geniş təmsil olunması üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu xüsusda, Afrikada fəaliyyət göstərən tərəfdaşlara maliyyə və texniki dəstək artırılmalıdır".
Diplomat xatırladıb ki, Azərbaycan-UNESCO Etimad Fondundan Afrika Dünya İrs Fonduna müvafiq dəstəyin göstərilib, habelə 2025-ci ildə növbəti dəfə maliyyə dəstəyi ayrılıb.
Tədbir Dünya İrs Mərkəzinin nümayəndəsi və Afrika Dünya İrs Fondunun rəhbərinin təqdimatları ilə davam edib.
Daha sonra Afrika Dünya İrs Fondunun icraçı direktoru Albino Jopelanın moderatorluğu ilə "Afrikada Dünya İrs Konvensiyasının tətbiqinin dəstəklənməsi" adlı dəyirmi masa təşkil olunub.
Qeyd edək ki, tədbir Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Afrika Dünya İrs Fondu və Cənubi Afrikanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Afrikada Dünya İrs Konvensiyasına dəstəyin artırılması yollarının müzakirə edildiyi tədbirdə Afrikanın zəngin mədəni və təbii irsinin qorunması, eləcə də onun UNESCO-nun Dünya İrsi Siyahısında layiqli təmsil olunması üçün beynəlxalq əməkdaşlığın və maliyyə resurslarının artırılmasının zəruriliyindən danışılıb.
Xatırladaq ki, mənzil-qərargahı Cənubi Afrika Respublikasında yerləşən Afrika Dünya İrs Fondu UNESCO-nun dəstəyi ilə 2006-cı ildə Afrika İttifaqı tərəfindən yaradılıb. Təşkilat Afrikada Dünya İrs Konvensiyasının həyata keçirilməsi, o cümlədən mədəni və təbii irsin effektiv şəkildə qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində Afrika ölkələrinə dəstək göstərir.


