Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın Riqa sammitinin yekun bəyanatına təqdim etdiyi əlavə açıqlanıb

Azərbaycanın "Şərq Tərəfdaşlığı"nın Riqa sammitinin yekun bəyanatına təqdim etdiyi əlavə açıqlanıb "Azərbaycan Avropa İttifaqının bu qətnamələrin həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atmasını gözləyir"
Xarici siyasət
25 May , 2015 11:50
Azərbaycanın Şərq Tərəfdaşlığının Riqa sammitinin yekun bəyanatına təqdim etdiyi əlavə açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" üzrə Riqada keçirilən zirvə toplantısının yekun bəyanatına təqdim etdiyi əlavə açıqlanıb. "Report" xəbəb verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

Əlavədə deyilir ki, Azərbaycan avropalı tərəfdaşların "Şərq Tərəfdaşlığı"nın gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir. Eyni zamanda Azərbaycan Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır: "Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra "Şərq Tərəfdaşlığı" ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnən xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir".

Sənəddə deyilir ki, Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz: "Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində, bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməmişlər.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir".

Sənəddə bildirilir ki, Azərbaycan Avropa İttifaqının bu qətnamələrə ciddi şəkildə riayət etməsini və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımlar atmasını gözləyir.

Son xəbərlər

Orphus sistemi