Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
"Report" xəbər verir ki, tədbirin aparıcısı dedi:
- Möhtərəm Kasım-Jomart Kemeleviç.
Möhtərəm İlham Heydər oğlu.
Bu gün Sian şəhərinin Qazaxıstan-Çin terminalından birinci konteyner qatarını qarşılayırıq. Qatar Bakı şəhərinədək məsafəni on bir günə qət edib. Diqqət yetirməyinizi xahiş edirəm.
Sonra qatarın gəlməsinə dair videokadrlar nümayiş etdirildi.
Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.
Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını, cəlbediciliyini getdikcə artırır.
Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.
Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.
Aparıcı: Qatar gəldi. İcazə verin, mərasimə başlayaq.
Prezident İlham Əliyev dedi:
- Bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik etmək istəyirəm. Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.
Bir daha Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Qatarın yolu açıq olsun.
x x x
Prezident Kasım-Jomart Tokayev dedi:
-Hörmətli həmkarlar, sizin hamınızı böyük əhəmiyyətə malik olan bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik etmək istərdim. Əslində, Avrasiya kontinenti nəqliyyat-logistika karkası formalaşıb. Hesab edirəm ki, bugünkü tədbir Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq. Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar. Bu gün danışıqlar əsnasında məhz təkcə bizim ölkələri deyil, həm də yaxınlıqdakı bir çox dövlətləri birləşdirən bu sahədən çox bəhs etdik.
Fürsətdən istifadə edərək, xoş niyyətə və əməkdaşlığa görə Çin Xalq Respublikasının hökumətinə minnətdarlığımı ifadə etmək istərdim. Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin sözlərinə qoşuluram.
Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Bu barədə "Report"un əməkdaşı xəbər verir.