“Ermənistan sülh istəmir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzetinə müsahibəsində deyib.
Diplomat Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribatları ilə bağlı geniş məlumat verib.
Səfir 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi təxribatlar, ərazi bütövlüyünə qarşı təxribatlar vaxtı çox sayda hərbi qulluqçularımızın həlak olması, bu təxribatların qarşısının alınması üçün silahlı qüvvələrimiz tərəfindən legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı həyata keçirilmiş cavab tədbirləri barədə danışıb.
M.Əhmədzadə baş verənlərlə bağlı erməni tərəfinin dezinformasiyasına diqqəti çəkərək qarşı tərəfdən yayılmış yalanları ifşa edib. Diplomat müsahibəsində ölkəmizin bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, Ermənistanın isə post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd hərəkətləri, Azərbaycana qarşı son hərbi təxribatlarının əsl məqsədləri barədə məlumat verib.
Eyni zamanda, Azərbaycanın İtaliyadakı səfirliyi Ermənistanın son hərbi təxribatlarına dair mətbuat açıqlaması yayıb və həmin məlumat İtaliyanın “Askanews”, “Kmetro0”, “Sardegnagol”, “Conquista del lavoro” və sair mətbuat orqanlarında dərc olunub.