Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni ilə təltif edilib.
Bu barədə “Report”a Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, konstitusionalizm ideyalarının və prinsiplərinin inkişafına, Qazaxıstanın və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sərəncamlarının yerinə yetirilməsi çərçivəsində 2 dekabr 2020-ci il tarixində Qazaxıstanın Bakıdakı səfiri S.Abdıkarimov Azərbaycan Konstitusiya Məhkəməsinin sədri F.Abdullayevi Qazaxıstanın II dərəcəli “Dostık” ordeni, Azərbaycanın Konstitusiya Məhkəməsi Aparatının rəhbəri R.Quliyevi isə “Qazaxıstan Konstitusiyası – 25 il” yubiley medalı ilə təltif edib.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-illiyi və işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə səfir Azərbaycan tərəfə həmin ərazilərdə Konstitusiya nəzarətinin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.
Qazaxıstanlı diplomat həmçinin qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Konstitusya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.