Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub

Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sə
Xarici siyasət
30 Dekabr , 2023 18:40
Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb.

Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, cari ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb.

Eyni zamanda, cari ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub. Yeni körpünün və buraxılış məntəqəsinin açılışı iki ölkə arasında yük daşımalarının həcminin daha da artırılmasına töhfə verəcək.

Dövlət sərhədində yol və gömrük-sərhəd infrastrukturunun yaradılması eyni zamanda nəqliyyat vasitələrinin Astara şəhərinə daxil olmadan yollarına davam etmələrinə şərait yaradacaq ki, bu da öz növbəsində şəhərdaxili nəqliyyat axınının səmərəliliyinin artırılmasına müsbət təsir edəcək.

Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlərə başlanılıb. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.

Son xəbərlər

Orphus sistemi