"Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib".
Bunu "Report"un sualına cavab olaraq Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib.
O deyib ki, nəticə barədə danışmaq hələ tezdir: "Amma müvafiq qurumlar məlumatlandırılıb".
Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabr ayında daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin meyitinin qalıqları aşkarlanıb. Qalıqların erməni əsirliyində olan zaman qətlə yetirilmiş azərbaycanlı hərbçilərə aid olduğu ehtimal edilir.