“Dağlıq Qarabağ münaqişəsi zamanı dəymiş yaralar hələ də açıqdır, onlar hələ də sağalmayıb. Amma onları sağaltmaq lazımdır. Yaxşı əlamətdir ki, səfər zamanı bütün tərəflərin bu yaraları sağaltmağın lazım olduğunu anladığını gördük və bu proses üçün onlara tərəfdaşlar lazımdır. Aİ bunun üçün əlindən gələni etməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bu gün Tbilisidə keçirilmiş mətbuat konfransında deyib.
“Bizim Azərbaycan və Ermənistanla bağlı çox intensiv danışıqlarımız baş tutdu. Bizim məqsədimiz etimadın yaradılması üçün hansı tədbirlərin görülə biləcəyini bildirmək idi. Bu səfər bizim əvvəlcədən bildiyimizi təsdiqlədi: regionda ən çox tələb olunan şey etimaddır. Bizim məqsədimiz etimadın ilk toxumlarını əkmək idi”, - XİN başçısı deyib.
O, Gürcüstanın və bu ölkənin baş nazirinin bu konteksdə vacib rolunu alqışlayıb. A.Şallenberqin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfinə hərbçiləri verməsində və Ermənistan tərəfinin Azərbaycana Ağdamdakı minalı ərazilərin xəritəsini təhvil verməsində Gürcüstanın baş naziri vacib rol oynayıb.
“Düşünürəm ki, bu üçtərəfli əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalıdır. Biz bunu qətiyyətlə dəstəkləyirik və “3+1” formatında dialoqda iştirak etməyə hazırıq”, - avstriyalı nazir deyib.