Aleksandr Vinnikov: Azərbaycan-NATO əməkdaşlığı genişspektrli istiqamətləri əhatə edir

Xarici siyasət
  • 06 may, 2025
  • 16:49
Aleksandr Vinnikov: Azərbaycan-NATO əməkdaşlığı genişspektrli istiqamətləri əhatə edir

Bir neçə zabitin NATO-nun tədbirlərində iştirakı ilə başlayan Azərbaycan-NATO əməkdaşlığı bu gün genişspektrli istiqamətləri əhatə edən davamlı tərəfdaşlığa çevrilib.

“Report”un məlumatına görə, bunu NATO-nun Gürcüstandakı əlaqələr ofisinin rəhbəri Aleksandr Vinnikov ADA Universitetində çıxışı zamanı bildirib.

O, Azərbaycan və NATO arasında tərəfdaşlığın 1994-cü ildə Heydər Əliyevin alyansın mənzil-qərargahına səfəri və "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanması ilə başladığını xatırladıb. "Ötən il biz bu hadisənin 30 illiyini Bakıda təntənəli tədbirlə qeyd etdik. Bu, münasibətlərimizin tarixində dönüş nöqtəsi oldu və çoxşaxəli əməkdaşlığın başlanğıcını qoydu", - A.Vinnikov qeyd edib.
Onun sözlərinə görə, qarşılıqlı fəaliyyət müdafiə planlaşdırmasından elmi əməkdaşlığa qədər əsas sahələri əhatə edir.

"Azərbaycan müdafiə strukturlarının qurulmasında NATO-nun tövsiyələrindən istifadə edir, sülhməramlı missiyalarda və Silahlı Qüvvələrin Hərbi Kolleci və son vaxtlar Yüksək Hərbi Məktəb kimi təhsil müəssisələrinin modernləşdirilməsinə yönəlmiş Müdafiə Təhsili Proqramında iştirak edir", - o qeyd edib.

A.Vinnikov Azərbaycanın alyansın humanitar təşəbbüslərində iştirakını xüsusi vurğulayıb: "Ölkə müttəfiqlərə və tərəfdaşlara yanğınsöndürən aviasiya və helikopterlər şəklində yardım göstərərək təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında yardım göstərir. Artıq 30 ildir ki, Azərbaycan "Sülh və təhlükəsizlik naminə elm" proqramında iştirak edir və NATO-nun üzvü olan ölkələrin elmi qurumları ilə birgə layihələr, o cümlədən kibertəhlükəsizlik və terrorla mübarizə sahəsində layihələr həyata keçirir".

Ofisin rəhbəri həmçinin NATO-nun Azərbaycan Milli Minatəmizləmə Agentliyi (ANAMA) ilə sıx qarşılıqlı əlaqəsini qeyd edib: "Uzun illərdir ki, bu əməkdaşlıq sovet dövründən qalan raket yanacağı qalıqlarının ləğv edilməsinə və partlamamış sursatların utilizasiyasına kömək edir", - o, sonda bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti