Avropa İttifaqı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrində əlavə 3 min 426-dan çox yaşayış binasının inşasına yönələn planların İsrailin Yüksək Planlaşdırma Komitəsi tərəfindən təsdiqini pisləyib.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun bəyanatında bildirilib.
Qeyd edilib ki, Aİ İsraili bu qərarları ləğv etməyə çağırır:
"Aİ bir daha bildirir ki, yaşayış məntəqələri beynəlxalq hüquqa görə qeyri-qanunidir və iki dövlətli həll yoluna təhdid formalaşdırdığı üçün sülhə də maneədir. Bundan əlavə, yaşayış məntəqələrinin genişləndirilməsi gərginliyi azaltmaq üçün davam edən səylərlə üst-üstə düşmür və bu vəziyyət qarşıdan gələn Ramazan, Pesah və Pasxa kimi dini bayramlar ərəfəsində mühüm əhəmiyyət kəsb edir".
Bəyanatda Aİ-nin mövqeyinin dəyişməz olaraq qaldığı vurğulanıb:
"Qüds də daxil olmaqla 1967-ci ildən əvvəlki sərhədlərdə tərəflərin razılaşdırdığı dəyişikliklərdən başqa heç bir dəyişikliyi tanımayacağıq".