ABŞ Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafını dəstəkləyir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, xarici ticarət xidmətləri üzrə Baş Direktoru Arun Venkataraman bildirib.
Onun sözlərinə görə, bu dəhlizin inkişafı ticarət əməkdaşlığının genişləndirilməsinə, iştirakçı ölkələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək edəcək.
A.Venkataraman ABŞ şirkətlərinin bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduqlarını da qeyd edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.