Bakı. 20 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Novruzu qeyd edən bütün xalqları bayram münasibətilə təbrik edib. "Report" ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katibin bayram məktubunda bu bayramın bütün dünyada - Asiyada, Qafqazda, Fars körfəzi regionunda, eləcə ABŞ-da qeyd olunduğu deyilir.
"Əsrlər boyunca milyonlarla insan hər il baharın gəlişinə sevinmək və ənənəvi tədbirlərdə iştirak etmək üçün bir yerə toplanır", - D.Kerrinin məktubunda qeyd olunub.
"Novruz bayramında biz yeniliklər gözləyirik. Qoy barışıq ab-havası keçmiş fikir ayrılıqlarına son qoymağa və inam hissi yeni imkanlara yol açmağa kömək etsin", - Con Kerri deyib.
Öz müraciətində ABŞ dövlət katibi İran liderlərinin nüvə proqramı ilə bağlı cari danışıqlarda düzgün seçim edəcəklərinə və bu yeni ilin və yazın İran xalqına və bütün dünyaya rifah və əmin-amanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.