Turizm şirkətləri turpaket satmağa ehtiyat edirlər

Turizm şirkətləri turpaket satmağa ehtiyat edirlər A.Ağalarov turizm şirkətlərinin turpaket satmağa ehtiyyat etdiklərini bildirib
Turizm
13 Aprel , 2021 16:56
Turizm şirkətləri turpaket satmağa ehtiyat edirlər

Ötən ildən dünyada və ölkəmizdə pandemiyanın yayılması səbəbilə ölkələrarası sərhədlərin bağlanması turizm sektoru üçün acınacaqlı vəziyyət yaratdı. Nəticədə turizm şirkətləri, turizm agentlikləri və turoperatorlar ciddi maddi zərərlərlə üzləşdi və onlardan bir neçəsi fəaliyyətini dayandırdı. Ötən il sərt karantin rejiminin tətbiq edildiyi dönəmlərdə bütün sektor gözünü pandemiyanın bitməsinə və sərhədlərin açılmasına dikmişdi. Bu il pandemiya davam etməkdə olsa da, karantin rejimi ilə bağlı tətbiq olunan məhdudiyyətlər bir qədər yumşaldılıb və Azərbaycandan bir sıra ölkələrə uçuşlar bərpa olunub. Bu isə turizm bazarımız üçün yeni ümidlər yaradıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov da “Report”a verdiyi açıqlamasında bu fikrimizi təsdiq edib:

“Türkiyənin Antalya, Bodrum bölgələrinə getmək istəyən turistlərin sayı çoxluq təşkil edir”

Göydəniz Qəhrəmanov

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ekspertlər Şurasının sədri

“Son aylar bir neçə istiqamətdə aviareyslərin bərpası nəticəsində xaricə getmə turizmində canlanma müşahidə olunur. Lakin reyslərin məhdud olması səbəbindən pandemiyadan öncəki illərlə müqayisədə vəziyyət elə də ürək açan deyil. Eyni zamanda COVID-ə yoluxma risklərinə görə turistlər xaricə səfər zamanı tərəddüd edir. Bu da getmə turizminə kifayət qədər təsir göstərən amillərdən biridir".

G.Qəhrəmanov bildirib ki, artıq müştərilər yay aylarında xaricə istirahətə getmək üçün turizm şirkətlərinə müraciət etməyə başlayıblar:

“Erkən rezervasiya prosesi hər zaman yerli bazar üçün aktual olub və bu il də öz aktuallığını saxlayır. Artıq bir neçə aydır ki, müştərilər tərəfindən yay aylarında istirahət üçün sifarişlər şirkətlərə daxil olur. Türkiyənin Antalya, Bodrum bölgələrinə getmək istəyən turistlərin sayı çoxluq təşkil edir. Ancaq qeyd edək ki, pandemiya bu məsələdə də turistlərin sayına mənfi təsir göstərir. Pandemiyadan öncəki illərlə müqayisədə bu il müraciət edən turistlərin sayında kəskin azalma müşahidə olunur”.

ATAA nümayəndəsi turpaketlərin də sayının az olduğunu qeyd edib:

“Hazırda bir çox dövlətlər pandemiya səbəbindən sərhədlərini turistlər üçün hələ də bağlı saxlayırlar. Bu səbəbdən yerli turizm şirkətlərinin təklif etdiyi turpaketlərdə məhdudiyyətlər müşahidə olunur. Düşünürəm ki, bu məsələ bir müddət belə davam edəcək. Turpaketlərin qiymətlərinə gəldikdə, istəklər və təkliflər fərqli olduğu üçün qiymətlər də dəyişir.

Bir ildir ki, turizm sənayesi pandemiya səbəbindən iflic vəziyyətə düşüb və turizm sektoru böyük çətinliklərlə üzləşib. Hazırda bu tendensiya davam edir. Ümid edirik yaxın zamanlarda vaksinləşmə daha sürətlə gedər, xəstəlik riskləri azalar və dövlətlər turistlər üçün öz sərhədlərini açar”.

"Şah" turizm şirkətinin rəhbəri Aqil Ağalarov aviabiletlərin qiymətlərinin baha olduğunu qeyd edib:

“Azərbaycandan xaricə turizm məqsədilə gedənlərin sayı o qədər də çox deyil”

Aqil Ağalarov

Turizm üzrə ekspert

“Aviabiletlər üçün müraciətlər olub, amma qiymətlər hələ də çox bahadır. Minsk üzərindən, İstanbul üzərindən uçuşlarımız da olur. Avropa ölkələrinə uçuş üçün müraciət az olur. Əsasən Rusiya və Türkiyə istiqamətində aviabilet istəyirlər.

Azərbaycandan xaricə turizm məqsədilə gedənlərin sayı o qədər də çox deyil. İş məqsədilə gedənlər daha çoxdur. Bu il həm daxili, həm də xarici turizmdə canlanma istiqamətində bəzi qığılcımlar oldu. Amma pandemiyanın daha da kəskinləşməsi barədə ehtimalların yayılması aprel ayından yenidən azalmalara gətirib çıxardı”.

A.Ağalarov turizm şirkətlərinin turpaket satmağa ehtiyyat etdiklərini bildirib:

“Hazırda turpaketlərlə bağlı müraciət edənlərin sayı çox azdır. Turizm şirkətləri də bu barədə çox ehtiyyatlı davranırlar və bəzən turpaket satmaq istəmirlər. Çünki pandemiyanın nə ilə nəticələnəcəyi bilinmir. Şirkətlər problem yaşamaq istəmirlər. Həddən artıq ziyan edən, problem yaşayan şirkətlər oldu. Ona görə indi hamı ehtiyyatla davranır. Çünki qapanmaların nə vaxt ediləcəyi bilinmir.

Hazırda turpaketlər satışa çıxarılır. Amma məsələn, Türkiyə üzərindən turpaketlərin sayı əvvəlki illərə nisbətən çox aşağıdır. Azərbaycan əhalisinin 70 %-i Türkiyəyə üz tutur. Avropa ölkələrinə də getmək istəyənlər üçün İstanbul üzərindən uçuşlar var. Turpaketlərin qiyməti hoteldən asılı olaraq dəyişir. Bir nəfər üçün minimum 1 200 manatdan başlayaraq qiymətlər artır.

Bizim şirkət hazırda Avropa ölkələrinə turpaket satmır. Amma digər şirkətlərdə bu istiqamətlərdə az sayda turpaketlər satışa çıxarılır. Avropa ölkələrinə səyahət məqsədilə getmək istəyənlərin sayı ümumi gedənlərin maksimum 2-3 %-ni təşkil edə bilər”.

Son xəbərlər

Orphus sistemi