Sentyabrın 7-8-də Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində III Üzüm və Şərab Festivalı keçiriləcək.
"Report" xəbər verir ki, tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.
Festivalda iştirak etmək istəyənlərin Bakıdan - Heydər Əliyev Mərkəzinin qarşısından Meysəriyə aparılıb-gətirilməsi təşkil olunacaq.
Festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, onlara müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq, yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablar nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcək.
Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
Festivalın məkanı kimi Şamaxının seçilməsi təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla, şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət proqramları icra edilir. Üzüm və Şərab Festivalı kimi tədbirlər isə dövlətin bu istiqamətdəki siyasətinə önəmli dəstəklərdəndir.