Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi zamanı Dubay təcrübəsini mənimsəyə və ölkədə davamlı turizmi gücləndirmək üçün istifadə edə bilər.
Bunu “Report”a müsahibəsində Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionu üzrə beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan bildirib.
Onun sözlərinə görə, Dubay turizmdə ekoloji dayanıqlılığı təmin etmək üçün layihələri fəal şəkildə həyata keçirir: “Məsələn, COP28-a hazırlıq infrastrukturun inkişafı, həmçinin mehmanxana və turizm sektorunda ekoloji cəhətdən məsuliyyətli təcrübələrin tətbiqi üçün əhəmiyyətli səylər daxil idi. Biz, Azərbaycana COP29-a hazırlıq prosesində hərtərəfli dəstək verməyə hazırıq”, - regional direktor qeyd edib.
Qeyd edək ki, 2023-cü ilin noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyası keçirilib. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar Dubayda elan edilib.
Azərbaycan BMT çərçivəsində öhdəliklərə hələ 2015-ci ildə qoşulub- Paris iqlim sazişi (198 ölkə imzalayıb), istixana effekti səbəbindən qlobal istiləşmə ilə bağlı dünya dövlətlərinin narahatlığını bölüşür.
Şahab Şayanın “Report”a geniş müsahibəsini buradan oxuya bilərsiniz.