Naxçıvanın turizm potensialı və gəzməli yerləri - Şərqin qapısından REPORTAJ

Naxçıvanın turizm potensialı və gəzməli yerləri - Şərqin qapısından REPORTAJ Naxçıvanda turizmin müxtəlif növlərinin inkişafı üçün hər cür şərait var
Turizm
27 Oktyabr , 2021 17:40
Naxçıvanın turizm potensialı və gəzməli yerləri - Şərqin qapısından REPORTAJ

Naxçıvanda illər öncə hərbi xidmət zamanı olduğumdan şəhəri gözüdolu gəzmək fürsətim olmamışdı. Odur ki, bu dəfə fürsəti dəyərləndirməli idim...

Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi (DTA) və Naxçıvan MR-nın Turizm Departamentinin təşkil etdiyi mediaturla Naxçıvana yola düşdük.

Naxçıvanda turizmin müxtəlif növlərinin inkişafı üçün hər cür şərait var. Bircə qalıb turist cəlb etmək. Muxtar respublikaya çatıb hotelə yerləşəndən, səhər yeməyi yeyəndən sonra gedəcəyimiz ilk yer Heydər Əliyev muzeyi oldu. Muzeydə xarici və yerli turistlərdə Azərbaycanın ictimai-siyasi həyatına dair mühüm təəssüratlar formalaşdıran məlumatlar yer alıb. Burda Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cumhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Burdan isə Bayraq Meydanı muzeyinə üz tutduq. Muzey şəhərin ən hündür zirvəsində yerləşdiyindən avtobusdan enib pilləkənlərlə eksponatların sərgiləndiyi səkkiz guşəli binaya doğru qalxmalı idik. Yuxarı doğru boylandıqca hündür bir zirvədəki geniş meydanda dalğalanan Azərbaycan bayrağını seyr etmək qürurverici idi. Muzeyin binasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri sərgilənir.

Sonra biz Naxçıvan Xan Sarayına getdik.

Sarayın orta əsr Azərbaycan memarlığı üçün xarakterik olan şəbəkə üsulu ilə işlənmiş pəncərələri, bərpa işlərinə məruz qalsa da, insana özünü “xanın qonağı” kimi hiss etdirən otaqları, ən baş otaqda geniş bir salonda Naxçıvan xanlığının döyüş və dövlət bayrağı, divarda xan nəslindən olanların şəkilləri, dəhliz və otaqlarda nümayiş etdirilən milli geyimlər, qədim silah və qablar ecazkar bir mənzərə yaradır. Nəzərə alsaq ki, müasir dövrün mədəni-etnoqrafik turizm səfərlərini alış-verişsiz təsəvvür etmək müşkül işdir, xan sarayının yanında qədimi bir otaqda tarixi üslubda hazırlanmış müxtəlif əl işi nümunələrinin satıldığını qeyd etmək yerinə düşər. Burda turistlər əl işi olan müxtəlif araqçınlar, kəlağayılar, təbii daşlardan sırğa, qolbaq, üzüklər, suvenirlər və digər əşyaları ala bilərlər. Xan sarayından sonra istiqamətimiz “Naxçıvanqala” muzeyi və “Möminə xatun türbəsi”nə doğru idi.

“Naxçıvanqala tarix-memarlıq muzey kompleksi”ndə yaradılmış arxeoloji-etnoqrafik sərgidə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar nümayiş etdirilir. Sözügedən tarixi abidə xalq arasında “Köhnəqala”, “Naxçıvanqala” adları ilə də tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aiddir. Naxçıvandakı Möminə xatun türbəsi ilə bağlı məlumatlar hamıya məlumdur. Türbənin əzəmətini seyr edərkən bələdçilərdən Möminə xatunun məzarının bu türbədə olub-olmamasını maraqlandım. Çünki tarixdən məlumdur ki, türbəni Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatunun qəbri üstündə tikdirməyə başlayıb, lakin ömür vəfa etmədiyindən bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlayıb. Məlum oldu ki, türbənin altında vaxtilə məzar olsa da, sonradan onun içindəki cəsəd çıxarılaraq Sankt-Peterburq şəhərinə aparılıb.

Bu arada Naxçıvanın çox zəngin mətbəxə malik olduğunu vurğulamaq istəyirəm. Ordubad qovurması, heyva dolması, Naxçıvan çöçəsi (kökəsi), Ordubad qayğanağı, çeşidli çörək növləri, kətə növləri, turşu növləri bu mətbəxə rəngarənglik və özünəməxsusluq libası geyindirir. Biz də naharda bu ləziz təamlardan dadaraq məşhur Əlincə qalasına yola düşürük. Əmir Teymurun 14 il mühasirədə saxladığı... Yox, 14 il Əmir Teymuru öz başına dolandıran Əlincə qalası...

Qayaların zirvəsində yerləşən qalaya qalxmaq üçün 2 200 pilləkən qət etməlisən. Bu uzun və səbr tələb edən yoxuşda bəxtimə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ilə həmsöhbət olmaq düşür. Sıldırım qayaların döşü ilə uzanan pillələri ağır və yorğun addımlarla qalxdıqca Kamal müəllim mənə Əlincə qalasının, yaxınlıqda yerləşən Culfa rayonunun Xanəgah kəndinin, qalada və kənddə məskunlaşan hürufilərin tarixin alt qatlarına aid sirlərindən danışır. Bunların içində bir məlumat da diqqətimi çəkir. Həmsöhbətimin dediyinə görə orta əsrlərdə belə bir inanc var imiş ki, Naxçıvandan müdrik dövlət başçıları çıxır. Ona görə də bu ərazi daim ictimai-siyasi baxımdan diqqət mərkəzində olub. Söhbət edə-edə bu əzəmətli qalaya gəlib çıxırıq. Qədim yaşayış məskəni formasında restavrasiya olunmuş qalanı seyr etdikcə düşüncələrin sehrinə təslim olursan. İlahi, görəsən mənim bu dayandığım yerdə kimlər qılınc-qılınca keçib? Görəsən o kiçik hücrəyə bənzəyən hissədə hansı iki dərviş oturub qayğılı söhbətlər edib? Suallar, təxəyyülündə canlanan təsvirlər, qayalıqlar arasında qəfil görünüb gözdən itən dağ keçiləri, səmada qanad çalan qartallar insanın könlünü riqqətə gətirir.

Əlincə qalasından endikcə bir az qalanın əzəməti, bir az da 2 200 pilləkən qalxmağın təsirindən ayaqlarım əsir. Bir tərəfdən də naharda yediyim yeməklərin dadı damağımda qaldığı üçün tez bir zamanda şam yeməyini yemək və sonra da hotelə qayıdıb istirahət etmək üçün tələsirəm...

Növbəti gün səhər yeməyindən sonra səfərimizin istiqaməti Batabat gölünə doğrudur. Amma öncə Naxçıvanda yerləşən "Badamlı" Mineral Sular Zavodunda istehsal prosesi ilə tanış olub, sonra göl gəzintisinə gedirik. Havalar soyuduğundan gölü əhatə edən yamaclardakı otlar saralıb. Addımbaşı bizə gördüyümüz yerlər barədə məlumatlar verən, əhvalımızı, təəssüratlarımızı soruşan Naxçıvan MR-nın Turizm Departamentinin nümayəndələri deyirlər ki, yay aylarında gölün ətrafı yamyaşıl çəmənliklərlə bəzənir. Yeri gəlmişkən, buranın bizi müşaiət edən turizm nümayəndələrindən tutmuş, adi sakininə qədər hər kəsin üzündən qonaqpərvərlik yağır. Uzun müddət digər bölgələrimizlə birbaşa nəqliyyat rabitəsi yalnız hava yolu ilə olduğundan buranın əhalisi arasında belə bir deyim var: “Naxçıvana qonaq “göy”dən düşür”.

Batabat gölündəki “üzən ada”nı xüsusi qeyd etmək istəyirəm. Deyilənə görə bu torflu ada küləkli havalarda küləyin istiqamətinə uyğun olaraq suda yer dəyişdirirmiş. 2019-cu ildən isə ada sabit qalıb və daha “üz”mür.

Batabat gölünün seyrəngahından xoş təəssüratla ayrılıb Naxçıvandakı “Ağbulaq” Kənd Turizm-İstirahət bölgəsinə üz tutduq. Burda kanat xətti, xizək mərkəzi, bir sözlə, qış turizmi üçün hər cür şərait yaradılıb. İstirahət bölgəsi yeni istifadəyə verilsə də, məlumata görə keçən qış bir ay ərzində 10 minə qədər ziyarətçi qəbul edib. Kanat xətti ilə həyəcanlı gəzintidən sonra isə dağ mənzərəli ərazidə bizi gözləyən çay süfrəsi xüsusi yadda qalan oldu. Naxçıvan səfərimizi “Əshabi-kəhf” ziyarəti ilə tamamladıq. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış məşhur hadisənin dünyada bir neçə yerdə baş verdiyi ehtimak edilir ki, bunlardan biri də Culfa rayonunda yerləşən “Əshabi-kəhf” mağarasıdır. Mağaranın həm mistik abu-havası, həm təbii gözəlliyi insana zövq verir. Təkcə bu mağaranın adı Naxçıvanda turist cəlb edilməsi üçün necə böyük imkanların olduğunu deməyə əsas verir.

Ruhumuzu dincəldən “Əshabi-kəhf” gəzintisindən sonra avtobusa minib hava limanına gedirik. Bakıya qayıtmaq üçün. Qayıdarkən özümə belə bir söz verirəm: “Mən bura bir daha gələcəm”.

Son xəbərlər

Orphus sistemi