Ötən ildə turizm sferasında təxminən 62 milyon və ya 18,5% iş yeri ixtisar edilib.
“Report” Dünya Turizm və Səyahət Şurasının (WTTC) “Oxford Economics” ilə birlikdə hazırlanan hesabatına istinadən xəbər verir ki, turizm sənayesinin dünya ÜDM-inə töhfəsi 2019-cu ildə 10,4% təşkil etmişdisə, 2020-ci ildə bu göstərici koronavirus pandemiyası səbəbi ilə 5,5%-ə enib.
Hesabat 185 ölkədə və dünyanın 25 coğrafi və ya iqtisadi regionundan pandemiyanın turizmə təsirini əhatə edir.
“2019-cu ildə turizmin qlobal iqtisadiyyata verdiyi töhfə 10,4% və ya 9,2 trilyon ABŞ dolları idi. 2020-ci ildə sektor təxminən 4,5 trilyon ABŞ dolları itirdi, onun qlobal ÜDM-ə töhfəsi isə 49% azaldı. Eyni zamanda, dünya iqtisadiyyatının ümumi yavaşlaması 3,7% həcmində oldu”, - hesabatda deyilir.
WTTC-nin qeyd edildiyi kimi, pandemiyadan əvvəl beynəlxalq turizm, o cümlədən onun birbaşa və dolayı təsirləri dünyada hər dördüncü yeni iş yerini və bütün iş yerlərinin 10,6%-ni (334 milyon) təşkil edirdi.
“2020-ci ildə turizm sferasında təqribən 62 milyon və ya 18,5% iş yeri səviyyəsində ixtisarlar oldu. İndi bu sahədəkilərin sayı 272 milyon nəfərdir. Daha çox iş yerlərinin itirilməsi təhlükəsi qalmaqdadır, çünki onların bir çoxu dövlət dəstək proqramları tərəfindən dəstəklənir. Beynəlxalq səyahətlərin tam bərpası olmadan onların qorunub saxlanılması ehtimalı azdır”, - WTTC hesabatında vurğulanır.
2019-cu ildə turistlər səyahətləri zamanı 1,7 trilyon ABŞ dolları xərcləyiblər ki, bu da beynəlxalq ixracatın təxminən 7%-ni və xidmət ixracatının 27,4%-ni təşkil edir. WTTC-nin məlumatına görə, 2020-ci ildə turistlərin öz ölkələri üzrə səyahət üçün xərcləri 45%, xarici səyahət xərcləri isə təxminən 70% azalıb.