Bakı. 18 oktyabr. REPORT.AZ/ "Caspian European Club" və "Caspian American Club" bu gün Bakıda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə "Caspian Energy Tourism Forum"u keçirib.
“Report”un verdiyi xəbərə görə, forumun xüsusi sessiyasında turizm sektorunun mühüm məsələləri və problemləri müzakirə olunub.
Biznes-forumda çıxış edən N.Səmədov bildirib ki, ölkədə turizm öz canlanma dövrünü yaşayır və bu sektorda mühüm nailiyyətlər əldə edilib. Nazir müavini həmçinin paytaxtda keçirilən “Baku Shopping Festival”ın əhəmiyyətini vurğulayaraq festivalın təşkilinə dövlət büdcəsindən 5,6 mln. manat ayrılmasına baxmayaraq, xərclənən vəsaitin 1 mln. manatı keçmədiyini dilə gətirib. O, Mədəniyyət və Turizm Nazirliyinin milli turizm keyfiyyət sisteminin tətbiqi üzrə işləri davam etdirdiyini qeyd edib.
"Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev ilin sonunadək "Caspian European Club" tərəfindən iqtisadiyyatın başqa sahələri üzrə də bir sıra analoji tədbirlərin keçiriləcəyini bildirib: “Caspian Energy Georgia"nın fəaliyyətinin yenilənməsi çərçivəsində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyilə 2018-ci ilin martında V Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılış mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı nəzərdə tutulub”.
Biznes-forum zamanı N.Səmədova "Caspian European Club" və "Caspian American Club"un fəxri üzvlük sertifikatı təqdim olunub.
“Caspian Tourism Forum”un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqından olan 200-ə yaxın biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Günün ikinci yarısında VII "CEO Lunch Baku" təşkil olunub.