Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Turizm
  • 16 oktyabr, 2026
  • 13:18
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Çinin paytaxtı Pekindəki nümayəndəlik ofisi və "Şahdağ Turizm Mərkəzi" QSC-nin birgə təşkilatçılığı ilə təqdimat keçirilib.

"Report" Agentliyə istinadən xəbər verir ki, tədbirdə Pekində fəaliyyət göstərən 10-dan çox aparıcı turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.

Təqdimat zamanı "Şahdağ Turizm Mərkəzi"nin təklif etdiyi qış turizmi təcrübələri, bu məhsulların çinli turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanlarından bəhs olunub. Həmçinin Mərkəzin Azərbaycan üzrə mövcud turizm marşrutlarına daxil edilməsinin səyahət proqramlarının zənginləşdirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Görüş çərçivəsində hər iki ölkəni təmsil edən turizm agentlikləri arasında işgüzar əlaqələrin genişləndirilməsi və ölkənin müxtəlif turizm istiqamətlərinin Çin bazarında təşviqi məsələləri nəzərdən keçirilib.

Bu ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 % artaraq 11 049 nəfər təşkil edib. 9 ayda isə ölkəmizə 52 115 Çin vətəndaşı səfər edib ki, bu da 1 il əvvələ nisbətən 4,4 % çoxdur.