“Qazaxıstan Mərkəzi Asiya ölkələri arasında Azərbaycan turizm bazarı üçün prioritet istiqamətlərdən biridir və biz əlaqələrimizi daha da genişləndirməkdə maraqlıyıq”.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 23-də Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev ilə görüşdə deyib.
O, ölkədə tədricən turizmin bərpa olunduğunu, yeni turizm məhsullarının və marşrutlarının yaradıldığını, ötən ay Almatıda keçirilən “Qazaxıstan Beynəlxalq Turizm və Səyahət” - “KİTF 2022” sərgisində Azərbaycanın turizm imkanlarının geniş tanıdıldığını diqqətə çatdırıb.
Agentlik sədri 44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarda yeni turizm məhsullarının yaradılması üzərində layihələrin hazırlandığını, beynəlxalq sərgilərdə Qarabağın turizm potensialının təbliğ edildiyini bildirib.
Y.Yerkinbayev iki qardaş ölkə arasında turizm əlaqələrinin daha genişləndirilməsində, aviauçuşların və qarşılıqlı turist səfərlərinin sayının artırılmasında maraqlı olduqlarını vurğulayıb.