Azərbaycan martın 29-30-da İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisində (IMTM 2022) iştirak edib.
Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan MR Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti Azərbaycanın turizm imkanlarını, o cümlədən Qarabağın turizm potensialını nümayiş etdirib.
Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrailin Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.