ATB: “Naxçıvandakı turizm infrastrukturu digər destinasiyalar üçün də yaxşı bir modeldir”

Turizm
  • 25 oktyabr, 2021
  • 10:58
ATB: “Naxçıvandakı turizm infrastrukturu digər destinasiyalar üçün də yaxşı bir modeldir”

“Naxçıvanda geniş turizm potensialı olmaqla bərabər həm də haykinq, kampinq, təbiət, mədəni turizm növləri, etnoqrafik turizm üçün infrastruktur mövcuddur. Burda nə necə olmalıdırsa, artıq o formada var”.

Bu sözləri "Report"a açıqlamasında Dövlət Turizm Agentliyi (DTA) və Naxçıvan MR-nın Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvana təşkil edilən mediatur zamanı Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

F.Zenqstşmid qeyd edib ki, Naxçıvandakı turizm infrastrukturu digər destinasiyalar üçün də yaxşı bir modeldir:

“Naxçıvan turizmi Azərbaycanın ümumi turizm xidmətləri fonunda onların harmonik qarışımıdır. Naxçıvanın turizmdə əsas elementi təbiətidir. İnsan burda dağların, çayların, süxurların, qayalıqların formalaşmasını, bu geomorfoloji proseslərin necə baş verdiyini gözü ilə görür. Bütün bu coğrafi amillər bir turizm xidməti kimi necə inteqrasiya edilməlidirsə, o burda ən yaxşı şəkildə edilib və düşünürəm ki, bu digər destinasiyalar üçün də yaxşı bir modeldir”.

Baş icraçı direktor Naxçıvandakı Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin perspektivlərindən də danışıb:

“Biz düşünməliyik ki, “Ağbulaq” istirahət mərkəzi tək qışda yox, yayda da dağla bağlı turizm xidmətləri təklif edə bilsin. Biz hazırda “Şahdağ” yay-qış turizm kompleksində qeyri-xizək turizm növlərinin təkmilləşdirilməsi üçün proqramlar hazırlayırıq. Düşünrəm ki, insanlar, məsələn, müəyyən marşrutları piyada və velosipedlərlə qət edərək dağlarda bitən müalicəvi bitkilərin axtarışına çıxa bilər. Yekunda isə ,”Tufandağ”, “Şahdağ” və “Ağbulaq” arasında üçlü komplekt olaraq Azərbaycanın turizmini təklif edən kurortların turizm təcrübələrini tərtib edə bilərik. “Ağbulaq” kompleksi cəmi bir ay sonuncu qış mövsümündə fəaliyyət göstərib və bir ayda da on min ziyarətçi qəbul edib. Bu rəqəm məni optimist olmağa gətirir ki, onlar bu il tam qış mövsümünü işləyə biləcək və onlarda yay mövsümü üçün yeni turizm xidmətləri göstərməyə həm motivasiya, həm də müəyyən ehtiyat əmələ gələcək”.

F.Zenqstşmid növbəti mərhələdə Naxçıvana turizm agentliklərinin səfərlərinin təşkil olunacağını bildirib:

“Biz Naxçıvanı ilk növbədə turizm destinasiyası kimi yerli ziyarətçilərə tanıtmalıyıq. Bunun yaxın gələcəkdə turoperatorların, turizm agentliklərinin bura səfərlərinin tərtib olunması planlaşdırılır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Naxçıvan MR-in Turizm Departamentinin direktoru Əkbər Novruzov arasında da bu məsələ müzakirə edilib və bir plan kimi təklif olunub. Həmin səfərlərdən biz turoperatorların, turizm agentliklərinin nümayəndələrinə motivasiya verəcəyik ki, Naxçıvan onların tur proqramlarının daimi bir hissəsi olsun, onlar bura haqqında danışa bilsin, bu haqda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun iştirak etdiyi beynəlxalq sərgilərdə bura olan turpaketlərini sata bilsinlər. Daha sonra isə əcnəbi turistlər Naxçıvanı daha çox kəşv edə bilərlər. Bizim Naxçıvana təşkil edəcəyimiz növbəti səfər həm media nümayəndələri üçün yaxşı bir səbəb olacaq ki, yenidən bura gəlsinlər, həm də turoperatorlara kömək edəcək ki, artıq özlərinin sınaqdan keçirdikləri bir turizm təcrübəsini satıb təbliğ edə bilsinlər”.

Son xəbərlər

Bütün Xəbər Lenti