Hazırda Şəkinin tarixi hissəsini əhatə edən Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bir neçə tarixi binanın təmiri və bərpası həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
Onun sözlərinə görə, qala divarları içərisində muzeylər bərpa olunub, daxili tərtibatı müasir tələblərə uyğun yenilənib.
"Xan" məscidi bərpa olunaraq çox yaxında yerli əhalinin istifadəsinə veriləcək. Növbəti illərdə də bu işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Şəki şəhərinin mədəni inkişafı, yaradıcı sənayenin, sənətkarlığın inkişafı ilə bağlı da xüsusi layihələr icra olunur. Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il qərarına uyğun olaraq Agentlik qoruğun ərazisində 58 abidəni dövlət mühafizəsinə götürüb", - deyə turizm rəsmisi əlavə edib.