Özcan Dəniz filminin qala gecəsini Bakıda keçirdi - FOTO

Özcan Dəniz filminin qala gecəsini Bakıda keçirdi - FOTO "Sevimli təhlükəli" filmi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı
Şou-biznes
24 Fevral , 2015 10:02
Özcan Dəniz filminin qala gecəsini Bakıda keçirdi - FOTO

Bakı. 24 fevral. REPORT.AZ/ Sevilən türk müğənnisi, aktyoru və son zamanlarda rejissorluğu ilə gündəmə gələn Özcan Dəniz filminin qala gecəsində iştirak etmək üçün Bakıya gəldi.
"Report" xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil edilən qala gecədə "Sevimli təhlükəli" filminin baş qəhrəmanları Ayça Ayşin Turan və Şükrü Özyıldız iştirak etdilər. Ozcan Dənizin iştirakı ilə Bakıya gələn aktyorlar şəhərimizin görməli yerlərinə heyran olduqlarını dedilər.
Tamaşaçıların alqışları ilə qırmızı xalı üzərindən keçib Nizami Kino Mərkəzinə daxil olan aktyorları fanatları salamladı. "Sevimli təhlükəli" filminin Bakı qalası baş tutdu.
Özcan Dənizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman, Ədirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləyir.
Özcan Dəniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkib.
Avşar film və DNZ filmin ortaq işi olan "Sevimli təhlükəli" filmi ötən ilin avqustunda çəkilib.
Filmin ilk nümayişindən sonra Özcan Dəniz və yaradıcı qrup media nümayəndələri üçün mətbuat konfransı keçirdi.
Bütün suallara həvəslə cavab verən Özcan Dəniz Bakını çox sevdiyini dedi. "Mən Bakıya tez-tez gəlirəm. Gözəl şəhərinizi, bu şəhərin insanlarını çox sevirəm. Ötən dəfə özümün baş rolu ifa etdiyim filmlə gəlmişdim. Bu dəfə isə rejissor kimi çəkdiyim filmi gətirmişəm. İnanıram ki, bəyəndiniz".
Filmi 6 həftəyə çəkdiyini deyən Özcan Dəniz hazırlıq işlərinin və filmin musiqisinin 8 aya yazıldığını və bu səbəbdən də, filmin ilk nümayişindən 3 gün əvvəl tamamlandığını dedi.
"Musiqiçi olduğum üçün filmin musiqisinə xüsusi diqqət yetirdim. Mən rejissorluq etsəm də, aktyor kimi filmlərə çəkilsəm də, əsas işim musiqiçi olmağımdır. Mən səs ifaçısıyam. Mahnılarımı, musiqilərimi çox sevirəm. Bakıya yeni gəlişimdə konsert verməyi düşünürəm".
Mətbuat konfransında filmin baş qəhrəmanları da çıxış etdilər, film haqqında fikirlərini media nümayəndələri ilə bölüşdülər.
Özcan Dəniz "Sevimli təhlükəli" filminin 2-ci hissəsini çəkəcəyini də ilk dəfə bəyan etdi və əlavə etdi ki, "Sevimli təhlükəli 2" filmində özüm də rol alacam.
Özcan Dəniz mətbuat konfransında Azərbaycan mahnısı oxumağı da unutmadı.

Son xəbərlər

Orphus sistemi