Azərbaycanda ilk dəfə olaraq yerli dizaynerlər bir məkanda, “Made in Azerbaijan” brendi altında fəaliyyətə başlayıb.
“Report”un xəbərinə görə, bu günlərdə paytaxt Bakının mərkəzində, “Malakan” bağının yaxınlığında (Mərdanov qardaşları, 8) “Master hands” (“Ustad əllər”) adı altında yerli brendlərin butikinin açılış mərasimi keçirilib. Həmin ünvanda Azərbaycan dizaynerləri bir araya gələrək “Made in Azerbaijan” brendini yaradıb. Bu ad altında hazırlanan məhsullar həm yerli, həm də ölkəmizə səfər edən xarici vətəndaşların ixtiyarına verilib.
“Master hands” butikinin açılmasında məqsəd Azərbaycanın gənc və istedadlı xanımlarını bir araya toplamaq, onların istedadını, əl işlərinin satışını təşkil etmək və dünyaya tanıtmaqdır.
Mağazada hələ ki, 35 yerli dizaynerin hazırladığı məhsullar – kutyurlar, müxtəlif geyimlər, çanta, ayaqqabı, kəlağayı, uşaq geyimləri, bəzək əşyaları, aksessuarlar və digər əl işləri satışa çıxarılıb. Lakin təşkilatçılar bildirir ki, yaxın vaxtlarda layihəyə qoşulacaq dizaynerlərin sayı daha da artacaq.
Layihənin ideya müəllifi və rəhbəri gənc və istedadlı dizayner Fərqanə Bəxtiyarovadır. O, layihənin necə yaranmasından da danışıb: “Müxtəlif tədbirlərdə, moda həftələrində dizaynerlər hər zaman dilə gətirirdilər ki, kaş, bizim də bir mağazamız olaydı və bütün əl işlərimiz orda satılaydı. Mən də bu arzudan yola çıxdım və ideyanı gerçəkləşdirmək qərarına gəldim. Gərgin zəhmət, xeyli əziyyət və yuxusuz gecələr hesabına ideyanı gerçəkləşdirə bildim. Nəticədə “Made in Azerbaijan” brendi altında birləşərək, ortaq butikimiz fəaliyyətə başladı. Bu işdə mənimlə bərabər əziyyət çəkən, dəstək olan hər kəsə təşəkkür edir, dizaynerlərimizə uğurlar diləyirəm. Ümid edirəm ki, ölkəmizdə ilk olan bu layihə uğur qazanacaq”.
Azərbaycanın əməkdar incəsənət xadimi, dizayner-modelyer Fəxriyyə Xələfova Azərbaycanda belə bir mağazanın ilk dəfədir açıldığını bildirib: “Bu, çox sevindirici haldır. Nə gözəl ki, belə bir işi görmək nəsibimiz oldu. Bu ideyanın reallaşdırmaqda belə bir stereotip vardı – nədənsə qorxurdular, çəkinirdilər. Ancaq kimsə bu ideyanı reallaşdırmalı idi və nəhayət ki, bu layihə gerçəkləşdi. Burada toplaşan dizaynerlər peşəkar, istedadlıdırlar və əzmkarlıqla çalışırlar. Onlar Azərbaycan xanımlarının zövqünü çox gözəl bilirlər. Burada həm mənim, həm tələbələrimin, digər istedadlı dizaynerlərin əl işləri var. Biz hamımız rəqabət aparmalıyıq. Rəqabət biznesin başlanğıcı və inkişafın aparıcı qüvvəsidir. Biz dünya brendləri və markaları ilə, xarici dizayenlərlə rəqabət apara bilərik. Bizim kolleksiyalar sevilən, istənilən və ən çox tələb olunan kolleksiyalar sırasında yer alacaq. Ümid edirəm ki, “Master hands” bir şəbəkəyə çevriləcək və Azərbaycanın digər şəhərlərində də filialları açılacaq”.
“Master hands” butikinin açılış mərasimində Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ilə yanaşı, Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, müğənnilərdən Əməkdar artist Sevda Ələkbərzadə, İradə İbrahimova, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Cavid Məmmədov, Hacı Nazim, tanınmış vizajist Nigar İbrahimova, aparıcılar - Hacı Nuran Hüseynov, Nəsib Nur, Kamilə Babayeva, Şəhriyar Əbilov, Xədicə Sənanqızı və digərləri iştirak ediblər.
Açılış mərasimində butikdə satışa çıxarılan geyimlərin və aksessuarların nümayişi də olub.