Vətən müharibəsində erməni silahlı terrorçuları tərəfindən Mingəçevirin raket atəşinə tutulması nəticəsində dağılan evlər bərpa olunur.
“Report”un Qarabağ bürosunun məlumatına görə, ötən il Vətən müharibəsi zamanı ermənilərin Mingəçevir şəhərini ağır artilleriya qurğularından və raket komplekslərindən atəşə tutması nəticəsində raketlərdən biri Tingçilik sovxozundakı təzə məhlələr adlanan əraziyə düşüb. Raketin partlaması nəticəsində Vüqar Cəfərova məxsus fərdi yaşayış evi də ziyan görüb.
V.Cəfərovun sözlərinə görə, partlayışın baş verdiyi vaxt ailə üzvülərinin hamısı evdə olub. Xoşbəxtlikdən onlara xəsarət dəyməyib. Evinin dağılan hissələri xüsusi komissiyanın aktlaşdırmasından sonra bərpa edilərək ailəsinə təhvil verilib.
“Keçən il müharibə zamanı ermənilərin atdığı raketin biri bizim qonşunun həyətinə düşdü. Partlayışdan sonra mənim də evimə ziyan dəymişdi. Evimin ön tərəfi zədə görmüşdü. Sağ olsun dövlətimiz ki, həmin dəyən ziyanın aradan qaldırılması üçün mənə köməklik göstərdi. Evim təmir edilib, çox razıyam”.
Ermənilərin Mingəçevirdə SMERC raketiylə dağıtdıqları fərdi yaşayış evləri bərpa edilib.
Ötən il başlayan Vətən müharibəsi zamanı ermənilər cəbhə xəttindən uzaq olan şəhər və rayonlarımızı da hədəfə almışdılar. Təmas xəttindən 100 km-dən çox bir məsafədə yerləşən Mingəçevir şəhəri də ermənilərin əsas hədəflərindən olub. Erməni silahlı birləşmələrinin atdığı raketlərdən biri Mingəçevir şəhər ərazisində dinc sakinlərin kompakt məskunlaşdığı təzə məhlələr adlanan yerə düşüb. Raketin partlaması nəticəsində dağılan evlərdən biri də Elşad Kalam oğlu Vəliyevə məxsusdur.
Ev sahibinin “Reporta”un Qarabağ bürosuna verdiyi məlumata görə, raketin partlaması zamanı onun evinin barısı uçub, dam örtüyü isə tamamilə sıradan çıxmışdı. Müharibə zamanı ona dəyən ziyanın aradan qaldırılması üçün aparılan işlər tamamilə başa çatıb. Vətəndaşın evinin dam örtüyü yenilənib, partlayış nəticəsində ziyan dəyən digər hissələri tamamilə bərpa edilib: “Keçən il elə bu vaxtlarıydı. Gecə gəldi raket düşdü, mənə xəbər verdilər ki, evim dağılıb. Səhəri gün gəlib baxdım ki, evin hasarı dağılıb, evin dam örtüyü dağılıb, milləri yerə tökülüb. Evin qapı-pəncərəsi hamısı bərbad gündəydi. Bundan bir neçə gün sonra gəlib yoxladılar. Evin dağılmasıyla bağlı akt tərtib edildi. İndisə şükür olsun, dövlətimizə minnətdaram ki, mənim evimi tam təmir etdilər”.
Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı erməni silahlı terrorçularının təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox yaşayış evinə ziyan dəyib.
Dövlət başçısının tapşırığına əsasən onlardan 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.