“Valideynlərlə övladları arasında ciddi ünsiyyət problemi var” - RƏY

“Valideynlərlə övladları arasında ciddi ünsiyyət problemi var” - RƏY “Bu gün bir çox ailələrdə ciddi ünsiyyət çatışmazlığı var. Belə ailələrdə daha az təmas, minimum ünsiyyət və ciddi fikir ayrılıqları olur. Bu, xüsusilə valideyn-övlad münasibətlərində daha bariz görünür”.
Sosial müdafiə
19 Oktyabr , 2022 17:19
“Valideynlərlə övladları arasında ciddi ünsiyyət problemi var” - RƏY

“Bu gün bir çox ailələrdə ciddi ünsiyyət çatışmazlığı var. Belə ailələrdə daha az təmas, minimum ünsiyyət və ciddi fikir ayrılıqları olur. Bu, xüsusilə valideyn-övlad münasibətlərində daha bariz görünür”.

Bunu “Report”a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Onun fikrincə, bütün bunlar texnologiyaların həyatımıza sürətlə daxil olması ilə yanaşı, ailədaxili münasibətlərdən qaynaqlanır. Mütəxəssisin fikrincə, valideynlərin övladları ilə daha az vaxt keçirməsi, onlarla daha az maraqlanması, ailə münaqişələri, aqressiya uşaqların psixologiyasında və davranışlarında ciddi izlər qoyur.

“Tədqiqatlar göstərir ki, uşaqların nitqi, danışıq tərzi valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da ətrafdakılarla söhbət edərkən eyni danışıq tərzi nümayiş etdirir. Vaxt keçdikcə isə övladlarla valideynlər arasında ciddi fikir ayrılıqları baş qaldırır, müxtəlif gərginliklər yaşanır. Bəs, valideyn-övlad münasibətlərini necə möhkəmləndirmək olar?”, - A.Musayeva vurğulayıb.

Mərkəz rəhbərinin fikrincə, valideyn və övlad arasında sağlam münasibətin təməli sevgi, diqqət, qayğı və ünsiyyətdir. A.Musayeva valideynləri övladlarına sevgi göstərməyə çağırıb: “Uşaqlar daim sevildiklərini və qorunduğunu hiss etməlidirlər. Mütəxəssislər hesab edir ki, valideynlərlə birgə vaxt keçirmək, gəzintiyə çıxmaq, kino və teatra getmək, əylənmək, kitab oxumaq uşaqlar üçün faydalıdır. Ailə olaraq bir süfrə arxasında yemək ənənəsi də çox vacibdir. Hətta yemək vaxtı xoş söhbətlər üçün ən yaxşı vaxtdır, desək yanılmarıq. Həmçinin hər uşağa ayrı-ayrılıqda vaxt ayrılmalıdır. Bu, hər bir uşağın fərdi istedadlarına diqqət yetirməyə kömək edir. Övladlarınızın akademik göstəricilərindən xəbərdar olmaq üçün isə mütəmadi olaraq müəllimləri ilə görüşün. Ev tapşırığını edərkən onların yanında olun. Uşaqların nizam-intizamlı olmasına nəzarət edin. Övladlarınıza qarşı sərt yox, ədalətli olun. Sözlərinizi onlara nəzakətli tonda çatdırın, səsinizi yüksəltməkdən çəkinin. Sadəcə olaraq hansı şərtləri pozduqlarını və nə kimi nəticələrə gətirə biləcəyini səbrlə izah edin. Yaxşı olduqları zaman onları tərifləyin. Qərarlarına hörmətlə yanaşın. Bir sözlə, uşaqlarınızla dost olun”.

Ümumilikdə, valideyn-övlad münasibəti uşağın hərtərəfli böyüməsini və inkişafını təmin edir. Mərkəz rəhbəri söyləyib ki, bu, onların davranışı, şəxsiyyəti, xüsusiyyətləri və dəyərlərinin əsasını qoyur.

“Valideyn-övlad münasibəti nə qədər güclü olarsa, tərbiyənin effekti də bir o qədər yaxşı olar. Unutmayaq ki, valideynləri ilə sağlam münasibət quran uşaqların ətrafdakı insanlarla müsbət münasibət qurma ehtimalı daha yüksəkdir. Onlar həmçinin həmyaşıdları ilə etibarlı dostluqlar qura bilirlər”, - o vurğulayıb.

A.Musayevanın sözlərinə görə, uşaqlar stress və çətin vəziyyətlərlə qarşılaşdıqda duyğularını daha yaxşı tənzimləyirlər. Belə uşaqlar onları gələcək uğurları çatdıracaq əsas bilik və bacarıqları da daha tez mənimsəyirlər: “Odur ki, gec olmadan övladlarınıza sevginizi verin, onların yaxşı təhsil almasına, özünü inkişaf etdirməsinə dəstək olun. Yalnız o zaman yüksək intellektli, müstəqil qərar vermək bacarıqlı, azad fikirli, özgüvənli övlad – şəxsiyyət yetişdirməklə fəxr edə bilərsiniz”.

Son xəbərlər

Orphus sistemi