1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu münasibətlə “Amburan Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında aztəminatlı ailələrdən olan 70-ə yaxın azyaşlını “Super Mario qardaşları kinoda” animasiya filminə baxmağa dəvət edib. Cizgi filminin nümayişindən sonra uşaqlara hədiyyələr verilib.
Bayram şənliyində “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin həmtəsisçisi Adnan Əhmədzadə iştirak ediblər.
“CinemaPlus komandası həmişə olduğu kimi, bu gün də uşaqları sevindirmək qərarına gəlib. Biz aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələri şam yeməyinə dəvət etdik və birlikdə cizgi filminə baxdıq. Yeri gəlmişkən, dəvət olunan uşaqların çoxu əvvəllər heç vaxt kinoteatrda olmayıblar”, - deyə Zaur Darabzadə bildirib.
Nümayişin sonunda böyük sevinc hissi yaşayan uşaqlar kino zalını alqışlara qərq ediblər. Daha sonra isə onlara hədiyyələr təqdim olunub.
“Bu gün bəyəndiyim saysız-hesabsız şeyləri sadalaya bilərəm. Hər şey gözlədiyimdən də yaxşı keçdi”, - deyə 10 yaşlı Şəfəq Cəlilova bildirib.
O, bütün uşaqları bayram münasibəti ilə təbrik edib:
“Dünyanın bütün uşaqlarına təhsil və dərslərində uğurlar arzulayıram. Mən özüm də məktəbdə yaxşı oxuyuram və müəllimlərin mənə verdikləri tapşırıqlardan daha çoxunu yerinə yetirməyə çalışıram”.
Şəfəq qeyd edib ki, gələcək peşəsi ilə bağlı artıq çoxdan qərar verib və arzusu öz salonunu açmaqdır.
13 yaşlı Oruc Əhmədlinin də əsas arzusu hər hansı peşəyə yiyələnməkdir. Gələcəkdə fəaliyyətini avtomobillərlə əlaqələndirmək istəyir:
“Bu gün heyrətamiz bir gün idi, hər şeyi tam bəyəndim. Bütün uşaqları bayram münasibətilə təbrik edirəm və onlara bu həyatda mümkün qədər çox maraqlı şeylər görmələrini arzulayıram”.
Uşaqların müəllimi bu günə görə tədbirin təşkilatçılarına təşəkkür edib:
“Hər şey əla keçdi, uşaqlar üçün əsl bayram idi, onların necə xoşbəxt olduqlarını təbəssümlərindən görmək olar”.