Uşaq İnkişaf Mərkəzinin rəhbəri qadınlara çağırış edib

Uşaq İnkişaf Mərkəzinin rəhbəri qadınlara çağırış edib “Bu gün güclü qadın olmaq təkcə fədakarlığı, cəfakeşliyi ilə seçilmək deyil. Güclü qadın həm də özünü inkişaf etdirən, şəxsi inkişafına nail olan, hədəflərinə çatan qadındır”.
Sosial müdafiə
13 İyul , 2022 10:14
Uşaq İnkişaf Mərkəzinin rəhbəri qadınlara çağırış edib
Aynur Musayeva

“Bu gün güclü qadın olmaq təkcə fədakarlığı, cəfakeşliyi ilə seçilmək deyil. Güclü qadın həm də özünü inkişaf etdirən, şəxsi inkişafına nail olan, hədəflərinə çatan qadındır”.

Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Onun fikrincə, durmadan dəyişən dünyada bu dəyişikliklərə ayaq uydurmaq şərtdir: “Geri qalmamaq üçün davamlı olaraq oxumaq, məlumatlı olmaq, təhsilini artırmaq, müasir texnologiyaları mənimsəmək, yeni dil öyrənmək, müxtəlif təlim və seminarlarda iştirak etmək, ətrafını genişləndirmək artıq bir zərurətdir. Bu göstəricilərə nail olan, özünü dəyişən, ayaq üstə durmağı bacaran qadındır güclü qadın”.

A.Musayeva söyləyib ki, şəxsi inkişafına nail olan qadın həm də yaxşı valideyn, övladlarına uğurlu nümunədir: “Təcrübə göstərir ki, övladını tərbiyə etməyin ən gözəl yolu ona yaxşı nümunə olmaqdır. Necə deyərlər, övlad valideynin inikasıdır. Güclü xarakterli valideynə sahib olmaq isə övlad üçün böyük xoşbəxtlikdir. Bu amil ona intizamlı, məsuliyyətli, prinsipial olmağa, həyatda missiya və hədəflərini müəyyən etməyə, durmadan irəliləməyə kömək edir. Başqa sözlə, güclü, şəxsi inkişafına nail olan qadın övladı üçün ən gözəl motivasiyadır.

Amma unutmayaq ki, şəxsi inkişaf ömürboyu davam edən bir prosesdir. Həm öyrənərək, həm də öyrəndiklərini tətbiq edərək özünü inkişaf etdirməkdir. Şəxsi inkişaf yolunda uğurla irəliləmək istəyirsinizsə, dünyagörüşünüzü dəyişdirməli, qətiyyətli, əzmkar və pozitiv olmalısınız. Qətiyyətli olmaq maneələrin öhdəsindən gəlməklə təslim olmamaq və irəliyə getmək deməkdir. Fərdi inkişaf qadına təkcə yaxşı valideyn olub, xoşbəxt, savadlı, azad ruhlu uşaqlar yetişdirmək üçün yox, həm də həyatını daha mənalı və dolğun yaşamaq üçün lazımdır. Bu, işdə fərqlənən kadr olmaq deməkdir. Uğurlu karyera qurub, maliyyə azadlığına nail olmaq üçündür. Nəhayət, məhsuldar bir ömür sürüb, paylaşa bilinəcək təcrübələr qazanmaq baxımından faydalıdır. Ona görə də xanımlarımız öz xarici görünüşləri, geyimləri ilə yanaşı, fərdi inkişaflarına da zaman ayırmalıdırlar. Cəmiyyətin güvəndiyi qadın məhz yüksək təhsilə, intellektə, geniş dünyagörüşünə sahib olan güclü qadındır”.

Son xəbərlər

Orphus sistemi