"Diasporla İş üzrə Dövlət Komitəsi son illər olduqca təqdirəlayiq işlər görür, dünya azərbaycanlılarını Azərbaycan dövləti ətrafında sıx birləşdirmək istiqamətində mühüm addımlar atır".
Bunu "Report"a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.
O qeyd edib ki, Azərbaycan icmalarının tarixi Vətənlə əlaqələrinin qurulması və möhkəmləndirilməsi, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində Azərbaycanın diaspor siyasəti uğurla həyata keçirilir: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycan diasporu bu gün daha güclü və mütəşəkkil qüvvəyə çevrilib. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vətənimizin müdafiəsi və inkişafı uğrunda Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirirlər. Xarici ölkələrdə fəaliyyət göstərən diasporumuz Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında, erməni lobbisinə qarşı mübarizədə fəal iştirak edirlər. 44 günlük Vətən müharibəsində biz bu həmrəyliyin, birliyin qürurunu yaşadıq. Müharibə dövründə xaricdəki soydaşlarımız yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizin yanında oldular. Qarabağın azadlığı uğrunda sıx birləşən həmvətənlərimiz dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı mitinq və aksiyalar keçirdilər. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı".
QHT rəhbəri söyləyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü effektiv işlərdən biri də xaricdə Azərbaycan Evlərinin açılmasıdır: "Azərbaycan Evləri xaricdə milli atributumuz kimi, maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə, sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri bir ocağa çevrilib. Təsadüfi deyil ki, pandemiya ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə bağlı təxliyə olunan soydaşlarımız məhz Azərbaycan evlərinə üz tutmuşdular.
Milli kimliyin və ana dilinin qorunması məsələləri də xüsusi diqqətdə saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti olduqca təqdirəlayiqdir. Hazırda dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır".
A.Musayeva vurğulayıb ki, bu həmrəyliyin daha bir nümunəsi isə Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayı oldu: "Qurultayda Kanadadan Avstraliyayadək, Yaponiyadan Çiliyədək, İslandiyadan Nigeriyayadək 65 ölkədən 400 nəfər nümayəndə iştirak etdi. Prezident İlham Əliyevin Zəfər Qurultayında çıxışı Azərbaycan diasporu qarşısında mühüm vəzifələr müəyyənləşdirdi. Bildirildi ki, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar".
Onun fikrincə, diaspor qurumlarımızın təşkilatlanmasında ən önəmli və əhəmiyyətli vasitə həm də mediadır: "Diaspor TV-nin fəaliyyətinin, Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu "Vətən uzaqda deyil" verilişinin bu uğurların qazanılmasında mühüm rolu var.
Nümunə ola bilmək və ənənə yaratmağı bacarmaq böyük hünərdir. "Mədəniyyət" kanalında Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik tədbirini izlədim və böyük qürur hissi duydum. Dövlət təşkilatı 20 illiyini əsgərlərlə keçirirdi. Fikirləşdim ki, niyə restoranda yeyib-içmək yox, Hadrutda ordumuzun qəhrəmanları ilə yallı getmək. Nə gözəl addım, nə gözəl nümunə idi. Xaricdən xeyli sənətkar gəlmişdi. Hər musiqi nömrəsi gözümə bir dastan kimi göründü. Bu konsert sanki Qarabağla bütün dünyanı birləşdirmişdi. Bu tədbir həm əyləncə idi, həm də nümunə. Güllü Muradovanın da xaricə köçdüyünü elə bu konsertdən öyrəndim. Diasporla İş üzrə Dövlət Komitəsindən örnək ola biləcək bir addım gördük. Yubileylərdə yeyib-içmək ənənəsinin bu cür birlik ənənəsi ilə əvəz olunması inanın ki, hünər tələb edir.
Bir vətəndaş olaraq mütləq bu fikirləri qələmə almağı və təşəkkürümü çatdırmağı borc bildim. Dövlət Komitəsinin kollektivini həm uğurlu fəaliyyətinə, həm də 20 illiyini əsgərlərlə keçmək kimi bu gözəl, düşündürücü addıma görə təbrik etməmək olmaz. Bayramınız mübarək!"
Qeyd edək ki, iyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olub.