Şəhid ailələrinə dövlət qayğısı: “Şəraitimizdən çox razıyam”

Şəhid ailələrinə dövlət qayğısı: “Şəraitimizdən çox razıyam” Şəhidin həyat yoldaşı: “Tək istəyim atalarına layiq övlad böyütməkdir”
Sosial müdafiə
19 Dekabr , 2022 15:18
Şəhid ailələrinə dövlət qayğısı: “Şəraitimizdən çox razıyam”

Rəfayə Xəlilova şəhid yoldaşıdır. Onun ömür-gün yoldaşı Elnur Xəlilov Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətindən gedən döyüşlərdə şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamı ilə E.Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb və hazırda analarının himayəsində yaşayırlar. Lakin Rəfayə xanım onları tək böyütmür. Onun daimi bir dəstəkçisi-dayağı var: Azərbaycan dövləti.

“Report”un əməkdaşı şəhid ailəsinin durumu ilə maraqlanıb.

“Hazırda iki övladımla birlikdə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan binada 3 otaqlı mənzildə yaşayırıq. Bura bu il sentyabrın 14-də köçmüşük. Şəraitimizdən çox razıyam”, - deyir Rəfayə Xəlilova.

O, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

R.Xəlilova həyat yoldaşının vəsiyyətindən də danışıb: “Son dəfə danışanda mənə dedi ki, uşaqları sənə, səni isə Allaha əmanət edirəm, özünüzdən muğayət olun”.

R. Xəlilova söyləyib ki, həyat yoldaşı ilə Vətən müharibəsi başlamamışdan bir gün əvvəl görüşüb və bu onların sonuncu görüşü olub. “Biz onda Beyləqanda yaşayırdıq. Müharibə başlamamışdan bir gün əvvəl həyat yoldaşım evə gəldi, uşaqlarla və mənimlə sağollaşıb dedi ki, onları sənə tapşırıram. Gecə isə son dəfə telefonla danışdıq. O, müharibənin ilk günü, yəni sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hər kəs onun şəhid olduğunu bilsə də, anasından və məndən gizlədiblər. Elnurun nəşi bizə 2020-ci il noyabrın 11-i təhvil verildi. Bu gün tək istəyim atalarına layiq övlad böyütməkdir”.

Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil, ümumilikdə ötən dövrdə 13 min mənzil və fərdi ev, 7500-dən çox avtomobil verilib. Tikintisi yekunlaşan daha 410 fərdi ev də yaxın günlərdə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi