Sədr müavini: "Azərbaycanda 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb"

Sədr müavini: "Azərbaycanda 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb" Bu gün əsas hədəfimiz orta təbəqəli qadınlardır, yəni rayon və kəndlərdə yaşayan qadınların iştirakçılığının artırılmasıdır.
Sosial müdafiə
7 Sentyabr , 2019 11:01
Sədr müavini: Azərbaycanda 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb

"Bu gün əsas hədəfimiz orta təbəqəli qadınlardır, yəni rayon və kəndlərdə yaşayan qadınların iştirakçılığının artırılmasıdır".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında çıxışında deyib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birgə müvafiq layihələr həyata keçirilir: "Layihə nəticəsində Azərbaycanın bir neçə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının təşviqi, texniki yardım layihəsi həyata keçirilir. Bu yerlərdə yaradılan qadın resurs mərkəzləri bilavasitə qadınların iştirakçılığının təmin edilməsi üçün sistemli şəkildə iş aparır. Çalışırıq bu layihələrdə bütün qadınlar iştirak etsin. Layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb və ailə üzvlərindən əlavə digər şəxsləri də işçi kimi qəbul ediblər".

Sədr müavini qeyd edib ki, bu gün Azərbaycanda dövlət-qadın siyasəti həyata keçirilir: "Qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunmasında aktiv iştirak edir".

S.Qəhrəmanova vurğulayıb ki, son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir: "Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb".

Dövlət Komitəsinin rəsmisi deyib ki, dünyanın hər bir yerində, hətta ən inkişaf etmiş ölkələrində də eyni problemlər yaşanır - miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkünlük, erkən nikahlar: "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və ölkədə 1 milyondan Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda bu sırada olan qadınlar çox böyük əziyyət çəkmələrinə baxmayaraq, bu gün millət vəkili, müəllim, həkim, dövlət qulluqçusu, kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətində çalışanlar var və ölkə iqtisadiyyatının fəal nümayəndələrinə çevriliblər".

S.Qəhrəmanova bildirib ki, qadınların siyasi fəallığına gəldikdə isə müstəqilliyin ilk illərindən qadınlar kişilərdən geri qalmayıblar: "Hazırda minlərlə qadın müxtəlif siyasi partiyaların, sıravi və siyasi şuralarının üzvləridilər. Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı artıq 46 faizə çatıb. Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. İnanırıq ki, bu dəfə də bələdiyyələrin tərkibində qadınların sayının yüksəlməsinə nail ola biləcəyik".

Son xəbərlər

Orphus sistemi