Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncam əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədi daşıyır.
Sərəncamla 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.