Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonuna raket komplekslərindən və ağır artilleriya qurğularından atdığı mərmilərlə dinc əhaliyə qarşı terror aktları həyata keçirdi. Erməni terrorçularının bu qeyri-insani və heç bir müharibə qaydalarına sığmayan təcavüzü nəticəsində rayon ərazisində 13 yaşayış evi dağıdıldı, 360-a yaxın tikiliyə zərər dəydi.
"Report"un Qarabağ bürosunun məlumatına görə, erməni vandallarının atdığı mərmilərdən biri Horadiz qəsəbə sakini Möhrab Məmmədova məxsus fərdi yaşayış evinə düşüb.
O bildirib ki, cəbhədə Ordumuzun hər gün yeni əraziləri işğaldan azad etməsini həzm edən bilməyən düşmən belə terror aktlarını törətməklə qisasını dinc sakinlərdən aldığını zənn edirdi: "O günlər heç vaxt yaddan çıxası deyil. Biz Ordumuz irəlilədikcə sevinir, başımıza mərmi yağdırmalarına baxmayaraq, qələbəni bayram edirdik. Hətta mənim evimə mərmi düşən gün Ordumuz bir neçə yaşayış məntəqəsini işğaldan azad etmişdi və biz evimizin dağılmasına baxmayaraq, qələbə sevincimizi yaşayırdıq".
Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının üzvləri tərəfindən Bərdədə raket zərbəsindən ziyan çəkən ev və obyektlərin qiymətləndirilməsi aparılıb. Hazırda qeydiyyata alınan ev və iaşə obyektləri yenidən qurularaq vətəndaşlara verilir. Vətən müharibəsi zamanı evinə ağır dağıdıcı zərbəyə malik raket düşən M.Məmmədov üçün yeni ev tikilərək istifadəsinə verilib.
M.Məmmədov evinin yenidən bərpa edilərək istifadəsinə verildiyini bildirib: "İlk olaraq, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmizin adından təşəkkür edirəm, sağ olsunlar. Allah onlardan razı olsun, şükürlər olsun bu gün tam şəraitli, 5 otaqlı ev tikib, mənə verdilər".
Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman çərçivəsində görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Möhrab Məmmədov Horadiz qəsəbə sakinidir. Vətən müharibəsi zamanı atılan raket atəşi nəticəsində evi tamamilə yararsız hala salınmışdı. İndi isə müasir tələblərə cavab verən yeni evində yaşamağın sevincini yaşayır.