“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə bu gün Ukraynada müharibədən əziyyət çəkmiş 30 uşaq reabilitasiya tədbirlərinə cəlb olunmaq məqsədilə müşayiətçiləri ilə birlikdə ölkəmizə gəliblər”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev bildirib.
“Ötən il olduğu kimi, bu il də peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, psixo-sosial təlimlər, həmçinin ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. 14 günlük müddətdə uşaqlar Bakı şəhəri ilə yanaşı Şamaxı, Qəbələ və Şəkiyə səfərlər edəcək, orada tarixi yerlərə və muzeylərlə tanış olacaqlar. Bununla yanaşı 14 günlük müddətdə uşaqların asudə vaxtının səmərəli təşkil olunması, eyni zamanda müvafiq reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirlər gerçəkləşdiriləcək”, - o diqqətə çatdırıb.