Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 44 günlük Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunan “Qələbə soraqlı bayrağım” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin övladlarının Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə ekskursiyası təşkil edilib. Qonaqlara Mərkəzdə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Sonra Mərkəzin yetirmələri olan əlilliyi müəyyən edilmiş şəxslərin hazırladıqları 44 Azərbaycan bayrağı Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətlərinə təqdim edilib.
Mərkəzin yetirmələrinin və mütəxəssislərinin cəlb olunduğu prosesdə bayraqların hazırlanması üçün biçim, birləşdirici tikişlər və digər fəaliyyətlər böyük həvəslə yerinə yetirilib.
Layihənin məqsədi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinə, onların bizə yadigar qalan övladlarına daim diqqətdə olduqlarını hiss etdirməkdir. Həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vaxtının səmərəli təşkilidir.