Cəlilabadın kaktuslu kəndindən FOTOREPORTAJ

Cəlilabadın kaktuslu kəndindən FOTOREPORTAJ Kaktus bitkisinin vətəni Cənubi Amerika, Mərkəzi Asiya, Şimali Afrika, eləcə də tropik ölkələr hesab olunur. Amma nə qədər qəribə olsa da, Cəlilabad rayonunun Suluçeşmə kəndində, demək olar ki, bütün həyətyanı sahələrdə kaktus bitkisinə rast gəlmək olar.
Sosial müdafiə
24 Avqust , 2024 16:01
Cəlilabadın kaktuslu kəndindən FOTOREPORTAJ

Kaktus bitkisinin vətəni Cənubi Amerika, Mərkəzi Asiya, Şimali Afrika, eləcə də tropik ölkələr hesab olunur. Amma nə qədər qəribə olsa da, Cəlilabad rayonunun Suluçeşmə kəndində, demək olar ki, bütün həyətyanı sahələrdə kaktus bitkisinə rast gəlmək olar.

Dibçəklərdə yetişdirilən kaktusdan fərqli olaraq torpaqda əkilən kaktus bitkisi daha genişgövdəli və hündür olur.

Kənd sakinlərinin "Report"un yerli bürosuna verdikləri məlumata görə, bu bitkinin kənddə peyda olması təxminən 40 il bundan öncəyə təsadüf edir.

Belə ki, kaktus o vaxt yaşlı sakinlərdən biri tərəfindən digər ərazidən gətirilərək burada əkilib. Bu bitki əsasən bostanların kənarında əkilir ki, mal-qara sahələrə ziyan vurmasın. Necə deyərlər, bitki təbii çəpər rolunu oynayır. Elə bu səbəbdən də kaktus bitkisi kənd ərazisində becərilərək çoxaldılıb.

Sakinlərin sözlərinə görə, kənddə əkilən bu bitkiyə həm də tikanlı armud deyilir. Bu da səbəbsiz deyil. Çünki bu kaktus növünün şəfaverici xüsusiyyətləri var. Belə ki, noyabr-dekabr aylarında bitkinin armuda oxşar meyvəsi yetişir. Həmin meyvənin içərisində olan və üzüm dadı verən bal yeyilir.

Kənd sakinləri, həmçinin əlavə ediblər ki, kaktusun meyvəsi vitaminlərlə zəngindir. Xalq təbabətində mədə-bağırsaq xəstəlikləri zamanı məsləhət görülür. Eyni zamanda, qan dövranı xəstəlikləri zamanı istifadə olunur. Bundan başqa, xolesterin və şəkərin səviyyəsini azaldır.

"Bu faydalı meyvəni əldə etmək üçün hətta digər bölgələrdən gələnlər də var. Təbiətdə 3 mindən çox növü olan bu bitkinin meyvəsini aparmağa gələnlər bəzən bitkinin kolunu da apararaq öz ərazilərində əkirlər", - deyə onlar vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi