"Baku TV"nin çəkdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən, hər dəfə mindən artıq ekran əsərinin göndərildiyi “Accolade Global Film Competition”nin qalibi olub.
"Report" xəbər verir ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən yaxşı 25 film festivalından biri hesab olunur.
21 ildir davam edən festivalda zaman-zaman dünyaca məşhur aktyorlar, film prodüserləri, rejissorlar və ssenaristlər qalib olublar. Mükafatçılar sırasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi, Erik Roberts kimi dünyaca məşhur şəxsləri misal göstərmək olar.
Bu nüfuzlu film festivalının qalibi olan "Baku TV"nin çəkdiyi “Söz” qısametrajlı sənədli ekran əsəri TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsindən bəhs edir. Filmdə hər şey qəhrəmanın öz dilindən səslənir. Onun müharibəyəqədərki, 44 gün boyunca və Zəfərdən sonra keçirdiyi hisslər, psixoloji durum həm də bütövlükdə Azərbaycan xalqının ümumiləşdirilmiş obrazı kimi əks olunur.
“Accolade Global Film Competition”nin qalibi olan ekran əsərinin rejissoru "Baku TV"nin əməkdaşı Leyli Məhərrəmdir. Sənədli filmin Azərbaycanda təqdimatı keçirildikdən sonra izlənmək üçün tamaşaçıların ixtiyarına veriləcək.