Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 206 doğulan körpə qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin hər 1 000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəmlər olub.
Bu ilin beş ayında ölkə üzrə 24 813 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6 təşkil edib.
Qeyd edək ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artaraq iyunun 1-i vəziyyətinə 10 089 853 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.