Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 51,8 min nəfər və ya 0,5% artaraq 2014-cü il iyul ayının 1-nə 9 528,9 min nəfərə çatıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin ilk 6 ayı ərzində 1 kv. km-ə əhalinin sıxlığı 110 nəfər olub. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i kənd sakinləri, 49,7%-i kişilər, 50,3%-i qadınlardır. Yaş qrupuna gəldikdə isə onların 22,4%-i 0-14 yaşda, 71,8%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür.
Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 təşkil edib. Doğulanların 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir. Doğulan körpələrin 1 396-sı əkiz, 30-u isə üçəm doğulub.
Hesabat dövründə 28,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı (6,1) dəyişməyib.
İlin əvvəlindən rəsmi orqanlar tərəfindən ölkədə 38,8 min nikah və 5,9 min boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 8,4, boşanmaların sayı isə 1,2 təşkil edib.
Cari ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 830 nəfər gələn və 401 nəfər ölkədən gedən qeydə alınıb.