Taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sosial şəbəkələrdə taksi şirkətlərinə sürücülərin narkoloji testə göndərilməsi barədə tapşırıq verilməsi barədə yayılan xəbərlərlə bağlı "Report"un sorğusuna cavabında deyiblər.
Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.
Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər.
Bundan başqa, sahibkarlar sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər.
“Həmçinin, sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər”.
AYNA-dan əlavə olunub ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra nəzarət mexanizminin tətbiqi mümkün olacaq.