“Yurdumuza sevinc hissi ilə, alnıaçıq, üzüağ qayıdırıq”.
“Report” xəbər verir ki, bunu Zəngilan rayonu birinci Ağalı kəndinin sakini Məhəmmədyar Fərhadov deyib.
Ağalıya yola düşən sakin kənddə əkin-biçinlə məşğul olacağını bildirib:
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz indi sevinc hissi keçiririk. Öz kəndimizə - doğma yurdumuz Ağalıya qayıdırıq”.
“Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezident İlham Əliyev bu yolu bizə açdı. İndi alnıaçıq, üzüağ, Prezidentimizin sayəsində Ağalıya qayıdırıq.
Mən ixtisasca aqronomam. Biz orda əkin-biçinlə məşğul olacağıq. Kəndimizə 7 nəfərlik ailə üzvümüzlə gedirik. Orada işləyəcəyik, yaşayacağıq”, - Məhəmmədyar Fərhadov əlavə edib.
Qeyd edək ki, bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.