Nazir: "20 Yanvar əlillərinə və şəhid fəxri adı alan insanların ailələrinə birdəfəlik maddi yardım ayrılıb"

Nazir: "20 Yanvar əlillərinə və şəhid fəxri adı alan insanların ailələrinə birdəfəlik maddi yardım ayrılıb" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilib
Sosial müdafiə
15 Yanvar , 2015 19:36
Nazir: 20 Yanvar əlillərinə və şəhid fəxri adı alan insanların ailələrinə birdəfəlik maddi yardım ayrılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbir 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, bununla belə, həmin günlərdə xalqımız müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirdi: “Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin cənab İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi təkrarsız mərdlik və cəsarət, xalqa bağlılıq nümunəsi idi”.

Nazir qeyd edib ki, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad ediliblər. “Bu təbəqədən olan insanların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. ƏƏSMN tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə keçirilən tədbirlərdə 20 Yanvar əlilləri də mütəmadi olaraq əhatə olunur. Onların bərpa-müalicəsi, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə də müvafiq işlər aparılır”.

S.Müslümov nazirlik tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün vəsait ayrıldığını da diqqətə çatdırıb.

Tədbir 1990-cı ilin 20 Yanvar faciəsinə, bu faciə zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.

Son xəbərlər

Orphus sistemi