“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun “Report” İnformasiya Agentliyinə müsahibəsi:
- “AzerGold” qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında öndə gələn şirkətlərdən biridir. Bilmək istərdik ki, indiyədək hansı həcmdə ixrac həyata keçirilib və ixrac əməliyyatlarından gəlir nə qədər olub? Bu il üçün ixrac hədəfi nə qədərdir?
- “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti “Çovdar” yatağında hasilat işlərinə 2016-ci ilin ikinci yarısında başlayıb. Hasil edilən qiymətli metalların beynəlxalq bazarlarda satışı müvafiq hüquqi prosedurlardan keçməyi tələb edir. 2017-ci ildə “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və “Çovdar” qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb. Ümumilikdə, 2017-ci ilin aprel ayından bu günədək cəmi 128 min unsiya qızıl və 194 min unsiya gümüş ixrac edilib, 280 milyon manatdan çox gəlir əldə edilib. Qeyd edim ki, 2019-cu il üçün ixrac edilməsi nəzərdə tutulan 55 min unsiya qızıldan 23 min unsiyası artıq ixrac edilib.
Hazırda “Çovdar” yatağında hasilat həyata keçirilir. İndiyədək yataqdan hasilatın həcmi nə qədər olub? Bunun nə qədəri bu ilin ötən dövrünün payına düşür?
- 2016-cı ilin avqust ayında dövlət qeydiyyatını keçən “AzerGold” QSC qısa müddət ərzində korporativ strukturu, maddi-texniki bazanı və işçi heyətini formalaşdırdı. Aparılan müxtəlif təyinatlı təmir-tikinti işləri nəticəsində mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. 30 iyun tarixinədək “AzerGold” QSC tərəfindən “Çovdar” yatağından, ümumilikdə, 103 382 unsiya qızıl və 173 180 unsiya gümüş hasil edilib. 2019-cu ilin 1 yanvar - 30 iyun tarixlərində hasilat göstəriciləri 23 710 unsiya qızıl və 43 904 unsiya gümüş təşkil edib. 2018-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə qızıl istehsalı 21%, gümüş istehsalı isə 33% artıb.
- “Çovdar” yatağının dərin horizontlarının sulfid filizlərinin yeraltı istismarına hazırlıqla bağlı hazırda hansı işlər görülür? Burada ehtiyatlar hansı həcmdə qiymətləndirilir?
- Qeyd edim ki, “Çovdar” yatağının dərin horizontlarının sulfid filizlərini yeraltı istismarına hazırlıq üçün müvafiq işlər aparılmaqdadır. Hazırda mövcud məlumatlara əsasən, ikinci fazanın kombinə edilmiş sxem üzrə - açıq və yeraltı üsullarla istismar olunması ehtimal edilir. Tanınmış beynəlxalq konsaltinq şirkəti olan “Micon International LTD” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırması bu il yekunlaşacaq. İlkin qiymətləndirməyə əsasən, 6 illik açıq və yeraltı üsulla filiz istismarının illik həcmi, təxminən, 50 min qızıl ekvivalenti unsiya təşkil edəcək. İkinci faza çərçivəsində hasil ediləcək resursların daha da artırılması məqsədi ilə “Çovdar” yatağının cinahlarında intensiv geoloji-kəşfiyyat işləri aparılır.
- Böyük ehtiyatlara malik “Filizçay” yatağının işlənilməsinə nə vaxt başlanılacaq? Hazırda burada hansı işlər görülür? Ehtiyatlar hansı həcmdə qiymətləndirilir?
- Mövcud resursların həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik “Filizçay” yatağı dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Yatağın ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb. Aparılan geoloji-kəşfiyyat işləri tam yekunlaşandan sonra yekun texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaq. Hazırkı qiymətləndirməyə əsasən, yatağın 27 illik istismarı və mis, gümüş, sink və qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 7 milyard manatdan çox vəsaitin daxil olması gözlənilir.
- Azərbaycan qızılı və gümüşündən külçə və sikkələrin istehsalı ilə bağlı hansı planlarınız var? Hazırda satış həyata keçirilirmi?
- “AzerGold” QSC tərəfindən istehsal edilən qızıl və gümüş sikkə və külçələr “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, müstəqil ölkəmiz üçün unikal layihədir. Hazırda bazarda mövcud təkliflər arasında yalnız “AzerGold” QSC tərəfindən təqdim edilən məhsullar Azərbaycanda hasil edilən qızıl və gümüşdən 999.9 əyarında istehsal edilib. Beynəlxalq keyfiyyət sertifikatları ilə təmin edilən məhsullarımız 10-a yaxın zərgərlik mağazalarında təklif olunur. İlkin mərhələdə istehsal edilən qızıl və gümüş sikkələrin üzərində
Qeyd edilənlərlə yanaşı, “AzerGold” QSC tərəfindən bazara yeni məhsulların çıxarılması, fərqli dizaynda sikkələrin istehsalı üzrə sifarişlərin daxil olmasına səbəb olub. Xatırladım ki, bu ilin iyul ayında Bakıda növbəti mötəbər tədbir, Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçiriləcək. Tədbir zamanı mədəniyyətimizi və tariximizi təbliğ etmək məqsədilə xarici qonaqlara təqdim olunacaq sikkələrin hazırlanması üzrə
- Geoloji-kəşfiyyat işləri ilə bağlı məlumat verməyinizi istərdik. Hazırda hansı sahələrdə bu işlər aparılır? Bu istiqamətdə hansı işlər görülüb, gələcək planlar nələrdir?
- 2018-ci ildə “AzerGold” QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədi ilə Daşkəsən rayonunda yerləşən “Çovdar” yatağında, “Çovdar” yatağının yaxın cinahında yerləşən və “AzerGold” QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş “Ağyoxuş” qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən “Tülallar” sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” perspektivli mis-qızıl filizi sahəsində, ümumilikdə, 17 min metrədək buruq-qazma işləri aparılıb, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilib, “Filizçay” polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb.
Bu il “Filizçay”, “Ağyoxuş”, “Tülallar” və “Çovdar” yataqları üzrə, ümumilikdə, 40 min metr həcmində buruq-qazma işlərinin həyata keçirilməsi nəzərdə tutulub. “Çovdar” yatağının yaxınlığında yerləşən “Tülallar” və “Ağyoxuş” yataqlarının ehtiyatların təsdiq edilməsi, bu yataqlarda hasil olunan filizin “Çovdar” filiz emalı sahəsində emal edilməsi üçün şərait yaradacaq ki, bu da “AzerGold” QSC tərəfindən qiymətli metalların istehsalının maya dəyərini daha da aşağı salacaq.
- Aşkar edilmiş ehtiyatları qiymətləndirsəniz, hazırda hansı həcmdə ehtiyat var?
- “AzerGold” QSC fəaliyyətə başladığı 2016-cı ildən etibarən kəşfiyyat-tədqiqat işləri aparır. 2018-ci ilin yekunlarına əsasən, aparılan tədqiqat və kəşfiyyat işlərinin nəticəsi olaraq “AzerGold” QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənmiş, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olaraq təqribən 4 milyon qızıl ekvivalenti unsiyaya çatdırılıb. “Çovdar” yatağının yeraltı (sulfid) fazasının, yaxınlıqda yerləşən “Ağyoxuş” və “Tülallar”, “Filizçay” yatağının texniki-iqtisadi əsaslandırması yekunlaşandan sonra ehtiyatların həcmini daha da artıraraq daha dəqiq qiymətləndirə biləcəyik.