Reza Vəziri: “Naxçıvandakı yataqlarda hasilat hazırda iqtisadi cəhətdən səmərəli görünmür”
- 03 oktyabr, 2023
- 09:50
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən “Kələki”, “Piyazbaşı”, “Ağyurd”, “Mistan” qızıl filiz yataqlarında iqtisadi cəhətdən səmərəli olmadığı üçün hazırda hasilat aparılmır.
Bunu “Report”a açıqlamasında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri deyib.
O bildirib ki, həmin yataqlardan birinin kəşfi aparılıb və nəticədə hasilat üçün filiz ehtiyatlarının həcminin az olduğu müəyyənləşdirilib: “İndiki vəziyyətdə hasilat aparmaq iqtisadi cəhətdən səmərəli deyil. Hazırda digər yataqların da kəşfi aparılır. Əgər bu yataqlarda filiz ehtiyatlarının həcmi az olan yataqları kompensasiya edərsə, o zaman hasilata başlanılacaq”.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.