"Azərmaş" ASC 2019-cu ili 1 min manat xalis mənfəətlə başa vurub. 2018-ci ildə səhmdar cəmiyyətinin gəlirləri və xərcləri eyni olmuşdu.
"Report" xəbər verir ki, ötən il "Azərmaş"ın satışdan gəlirləri 192 min manat (təxminən 6 dəfə çox), satışının maya dəyəri 1 min manat (dəyişməyib), inzibati xərcləri 182 min manat (təxminən 6 dəfə çox), sair əməliyyat xərcləri 4 min manat (təxminən 9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4 min manat təşkil edib.
Bu il yanvarın 1-nə "Azərmaş"ın aktivləri, həm də balans kapitalı 8 min manat olub ki, bu da illik müqayisədə təxminən 2 dəfə çoxdur.
Xatırladaq ki, "Azərmaş" 2017-ci ildə 4 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun səhmlərinin 99%-i "AF Group" MMC-yə, 1%-i isə "AAZ Classic" MMC-yə məxsusdur. Səhmdar cəmiyyəti Neftçala və Hacıqabul Sənaye Məhəllərində reallaşdırılan avtomobil istehsalı layihələrinin əsas iştirakçısıdır.