Masallı Sənaye Məhəlləsi yaradılır

Masallı Sənaye Məhəlləsi yaradılır Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sənaye
13 İyun , 2016 18:24
Masallı Sənaye Məhəlləsi yaradılır

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sənəd kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə qərara alınıb. 

Sərəncamla Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılır.

Müəyyən edilib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır, Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi