Bakı. 2 iyun. REPORT.AZ/ “AzerGold” QSC-nin əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Cəmiyyəti ziyarət etmək məqsədi ilə Azərbaycana səfər edib.
“Report” “AzerGold”a istinadən xəbər verir ki, qonaq Cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. F.Stamatopulos Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək “AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Azərbaycan şirkətinin Bakıda yerləşən baş ofisində Cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimovla “Argor-Heraeus” nümayəndəsi arasında görüş keçirilib. Tərəflər arasında məhsuldar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.
“AzerGold” Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Cəmiyyət ötən ay isə “Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olub və Azərbaycan iqtisadiyyatına 35 milyon manata yaxın vəsait qazandırıb. Ümumilikdə ilin sonunadək “AzerGold” qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.